Azərbaycan prezidenti Gürcüstanın Baş naziri ilə görüşüb

17:43 - 12.03.2018


12 mart, Fineko/abc.az. Bu gün, martın 12-də, Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilini qəbul edib.

Azərbaycan prezidenti görüşdə qeyd edib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya qoyan ölkələr arasında birinci yerdədir.

“2012-ci ildən biz bu birinciliyi saxlayırıq. Bu, onu göstərir ki, ölkənizdə çox gözəl sərmayə iqlimi var. Bu, eyni zamanda, onu göstərir ki, bizim əlaqələrimiz çox yüksək səviyyədədir”, - Azərbaycan prezidenti belə deyib.

Prezident həmçinin qeyd edib ki, Bakı ilə Tbilisi arasında əməkdaşlıq regional formatdan çıxıb dünya səviyyəsinə qalxacaq.

“Bizi birləşdirən bir çox önəmli qlobal layihələr var. Biz keçən ilin oktyabr ayında sizinlə bərabər onlardan birinin açılışını qeyd etdik – Bakı-Tbilisi-Qars. Bu il Cənubi Qafqaz qaz kəmərinin, TANAP layihəsinin istifadəyə verilməsi nəticəsində əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq. Yəni, bizim əməkdaşlığımız hətta regional formatdan çıxıb qlobal müstəviyə qalxır”, - İlham Əliyev belə deyib.

Öz növbəsində, Georgi Kvirikaşvili qeyd edib ki, yaxında dərc olunan statistik məlumatlara görə, Gürcüstana səfərlərin sayına görə də Azərbaycan Respublikası Gürcüstan üçün birinci yerdədir.

“Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” layihələri çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan qazı “Cənub Qaz Dəhlizi” layihəsinin seqmentləri olan Trans-Anadolu və Trans-Adriatik kəmərləri ilə sonradan Avropaya nəql ediləcək. Bu layihələr iqtisadi və geosiyasi baxımdan çox mühümdür”, - Georgi Kvirikaşvili belə deyib.

 

 

Вся лента