Azərbaycanın iqtisadiyyat naziri İranın iqtisadi işlər və maliyyə naziri ilə görüşüb

14:28 - 13.03.2018


13 mart, Fineko/abc.az. Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, səfər çərçivəsində Şahin Mustafayev İranın İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.

“Görüşdə Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16% artıb. İran Azərbaycana 3,1 mlrd. ABŞ dolları investisiya yatırıb”, - məlumatda belə deyilir.

Şahin Mustafayev həmçinin İrandan gələn turist axınının artdığını qeyd edib.

“İrandan Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Keçən ilin yekununa görə, bu göstərici 363 min nəfər təşkil edib. Nazir Şahin Mustafayev qeyd edib ki, “ASAN viza” vasitəsilə viza alan əcnəbilər arasında İran vətəndaşları 1-ci yerdədir”, - İqtisadiyyat naziri belə deyib.

Şahin Mustafayev bildirib ki, 2017-ci ildə Azərbaycan ərazisindən Rusiyadan İrana 19 mindən çox konteyner daşınıb.

Həmçinin, Bakı ilə Tehran arasında əməkdaşlığın genişləndirilməsi üçün, Astara, Culfa və Biləsuvarda sərhəd keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyəti də vurğulandı.

 

Вся лента