BNA Beynəlxalq Avtovağzal yaxınlığında növbəti nəqliyyat mərkəzi quraşdırmağı planlaşdırır

14:30 - 14.03.2018


14 mart, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) yeni, “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması üzrə işləri yekunlaşdırır.

BNA-dən xəbər verildi ki, “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi martın 17-də istismara veriləcək.

Mərkəz fəaliyyətə başlayandan sonra, ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metrostansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək.

Yeni mərkəzin ərazisində 5 avtobus dayanacağı quraşdırılıb, 11 marşrutda fəaliyyət göstərən 112 avtobusun xidməti nəzərdə tutulur, həmçinin taksi üçün dayanacaqlar quraşdırılıb.

Hazırda Bakıda “Koroğlu”, “28 May” və “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzləri fəaliyyət göstərir. Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması ilə bağlı hazırladığı konsepsiyaya uyğun olaraq növbəti belə Mərkəzin Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə yaradılması planlaşdırılır. Eyni zamanda, Bakının bir sıra ətraf kənd və qəsəbələrində bir qədər kiçik Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması nəzərdə tutulub.

 

Вся лента