Paytaxt yollarını idarə etmək üçün bütün səlahiyyətlər Bakı Nəqliyyat Agentliyinə verildi

11:15 - 3.04.2018


3 aprel, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən,  BNA-nın nizamnamə fondu dövlət büdcəsindən formalaşmaqla,1 milyon manat təşkil edəcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinə, ilk mərhələdə dörd nəqliyyat mübadilə mərkəzinin yaradılması məqsədilə, torpaq sahələrinin və vəsaitlərin ayrılmasını, həmçinin  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin istifadəsində olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etmək həvalə edilib.

Bakı Nəqliyyat Agentliyinə, Bakı şəhərindəki bütün svetoforların Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görmək, Bakı şəhərindəki avtomobil yollarını svetoforlar, yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilmə səviyyəsini müəyyən etmək məqsədilə təftiş etmək və təftişin nəticəsi barədə dövlət başçısına  məlumat vermək həvalə olunub.

Agentlik həmçinin, avtomobil yollarının zəruri yol hərəkəti təşkili vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər planını təsdiq etməli, məlumatların müvafiq dövlət qurumlarından elektron qaydada alınmasını təmin etmək üçün zəruri tədbirlər görməli, yol hərəkəti iştirakçılarını hərəkətin məhdudlaşdırıldığı və ya qadağan edildiyi avtomobil yolları, habelə tıxaclar və avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi barədə tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Bakı şəhərinin inzibati ərazisində öz idarəetməsində olan svetoforları üç ay müddətində Agentliyə təhvil vermək və hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi nəzərdə tutulan avtomobil yolları barədə üç  gün əvvəldən Agentliyi məlumatlandırmalıdır.

Bakı şəhəri İcra Hakimiyyətinə avtobus dayanacaqlarının, habelə park və taksi dayanacaqlarının üç ay müddətinə Agentliyə ötürülmək və analoji strukturların fəaliyyətini ləğv etmək tapşırılıb.

 

Вся лента