SOCAR və “AzerTelecom” Türkiyədə birgə müəssisə yaradacaq

17:33 - 23.08.2021


23 avqust, Fineko/abc.az. “SOCAR Turkiye Enerji AS” (SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi) və “AzerTelecom” MMC Türkiyədə birgə müəssisə yaradacaq.

Bu barədə ABC.AZ “İnterfaks-Azərbaycan” –a istinadən xəbər verir.

“Tərəflər müvafiq icazənin alınması üçün Türkiyənin antiinhisar qurumuna müraciət ediblər. Antiinhisar qurumunun 19 avqust tarixli qərarı ilə müəssisənin yaradılmasına razılıq verilib”, - deyə qurumun məlumatında deyilir.

Yeni şirkət “Transanatolian Fiber Taf Telekomцnikasyon Hizmetleri A.S.” adını daşıyacaq.

“SOCAR Turkiye Enerji” 2006-cı ilin sonunda Türkiyədə neft emalı, neft-kimya və təbii qaz ticarəti sahələrində layihələrin həyata keçirilməsi məqsədilə yaradılıb.

Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara qaz tədarük edir.

Bundan başqa, “SOCAR Turkiye Enerji” 2019-cu ildən “Millenicom” telekommunikasiya şirkətinin sahibidir.

“AzerTelecom” MMC Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda “AzerTelecom” şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkətinin törəmə müəssisəsidir.

 

Вся лента