Beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib

14:47 - 4.04.2018


Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Gürcüstanın nümayəndə heyətinə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.

İclasda Azərbaycan Respublikası ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.

Bakı şəhərinin və digər rayonların ərazisində qeyri-qanuni sərnişin daşınmasını həyata keçirən Gürcüstan avtobuslarının fəaliyyətinin qarşısının alınması, Gürcüstana Azərbaycan tərəfindən yük  daşımaların həcminin artmasını nəzərə alaraq "İcazə"lərin mübadilə sayının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, 3-cü ölkəyə yük aparmaq məqsədilə Azərbaycan Respublikasına boş gələn yük avtomobillərinin sərhəd-keçid məntəqələrindən buraxılmasında eyni şəraitin yaradılması məsələsinin hər iki ölkənin Gömrük orqanları ilə müzakirə edilməsi təklif edilib.

Sonda qeyd edilən, həmçinin aidiyyəti üzrə digər aktual məsələlər üzrə müvafiq Protokol imzalanıb.

        

Вся лента