İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib

17:04 - 4.04.2018


4 aprel, Fineko/abc.az. Dünya Turizm Təşkilatının baş katibi Azərbaycana səfərə gəlib.

Bu gün Azərbaycanın prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilini qəbul edib.

Prezident İlham Əliyev Zurab Pololikaşvilini Dünya Turizm Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi və ona işində uğurlar arzuladı. Dövlətimizin başçısı Azərbaycanın Dünya Turizm Təşkilatı ilə ənənəvi uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq Zurab Pololikaşvilinin ölkəmizə səfərinin əlaqələrin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycan Prezidenti ilə görüşündən qürur hissi keçirdiyini deyən Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili rəhbərlik etdiyi qurumun və özünün fəaliyyətinə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Azərbaycanda son illər turizmin sürətlə inkişaf etdiyi, ölkəmizə gələn xarici qonaqların sayının durmadan artdığı məmnunluqla qeyd olundu, Bakıda və regionlarda turizmin inkişafı üçün yüksək səviyyədə infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirildiyi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Вся лента