Azərbaycanda metro tikintisi bərpa olundu

12:36 - 10.04.2018


10 aprel, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev paytaxtın nəqliyyat problemlərini həll etmək üçün kompleks tədbirlərin görülməsini tapşırıb.

Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı şəhərinin nəqliyyat problemləri kompleks şəkildə həllini tapmalıdır, koordinasiya işləri aparılmalıdır.

“İndi Bakıda yeni yollar salınır, tunellər tikilir. Bununla şəhər nəqliyyatı daha da rahatlaşacaq. Olimpiya Stadionu ilə üzbəüz yeni tunel tikilir. Bu da tıxacların aradan qaldırılması üçün çox önəmlidir. Böyükşor gölü üzərindən yeni genişzolaqlı yol tikilir. Bu da şəhər nəqliyyatı üçün çox önəmli layihədir. Biz Böyükşor gölünün bir hissəsini təmizlədik. İndi qalan hissənin təmizlənməsi nəzərdə tutulur. Bakıda dairəvi dəmir yolu tikiləcək. Bu məqsədlər üçün bu ilin investisiya proqramında 100 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu, şəhər üçün çox rahat nəqliyyat vasitəsi, Bakıətrafı qəsəbələrin inkişafı və orada yaşayan insanların rahatlığı üçün çox önəmli layihə olacaq. Metro tikintisi müəyyən fasilədən sonra indi bərpa edildi. Yəni, biz bütün bu məsələlərə kompleks şəkildə baxmalıyıq. Avtobusların alınması nəzərdə tutulur, dayanacaqlar, işıqforlar, metro, şəhərətrafı dəmir yolu, taksi dayanacaqları. Yəni, Bakı şəhərinin nəqliyyat sahəsində vahid idarəetmə olmalıdır ki, paytaxt nəqliyyatı dünyanın aparıcı şəhərlərinin səviyyəsində olsun. Biz indi metro vaqonları, avtobuslar, taksilər alırıq. Ancaq koordinasiya zəifdir. Ona görə bu məsələyə mütləq çox ciddi diqqət göstərilməlidir”, - İlham Əliyev belə deyib.

Onun sözlərinə görə, Azərbaycan nəqliyyat qovşağına çevrilir. Açıq dənizlərə çıxış imkanı olmayan ölkə, Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir.

 

Вся лента