Hakim partiya: Azərbaycan xalqı İlham Əliyevi seçdi

22:04 - 11.04.2018


11 aprel, Fineko/abc.az. Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının  icra katibi, Əli Əhmədov prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirib.

Əli Əhmədovun sözlərinə görə, ekzit polun məlumatına əsasən, İlham Əliyev seçkilərdə 80%-dən çox səs topladı.

“Yəni, Azərbaycan xalqı İlham Əliyevi seçdi və o, prezident seçkilərində qalib gəldi”, - Əli Əhmədov bunu dedi.

Bu gün Azərbaycanda saat 8:00-dan  prezident seçkilərində səsvermə başlandı, saat  19:00-da isə səsvermə bitdi.

Mərkəzi Seçki Komissiyası prezident postuna iddia edən 8 namizədi qeydə alıb. Bunlar, “Yeni Azərbaycan” hakim partiyası tərəfindən irəli sürülən namizəd İlham Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən namizəd Qüdrət Həsənquliyev,  Sosial-Demokrat partiyasının namizədi  Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən namizəd Fərəc Quliyev, "Cəbhəçilərin təşəbbüs qrupu"  partiyasının namizədi Razi Nurullayev, Müasir Musavat partiyasının namizədi Hafiz Hacıyev, müstəqil namizəd Zahid Oruc  və  Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən namizəd Sərdar Məmmədovdur (Cəlaloğlu).

Seçilmiş prezidentin səlahiyyət müddəti 7 il olacaq.

Вся лента