İcraçı direktor: “Rəqəmsallaşma “AccessBank” üçün prioritet olaraq qalacaq”

11:37 - 17.04.2018


Bu gün Bakıda Rəqəmsal Bankçılıq və Təhlükəsizlik Konfransı (Digital Banking and Security Conference) işinə başlayıb. İki gün davam edəcək tədbirin bank sponsoru “AccessBank”dır. Konfransa Qara Dəniz Ticarət və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, “Visa”, “ING Bank”, “DenizBank”, “UnionPay”, “Oracle”, “Kaspersky” kimi dünya çapında olan şirkət və təşkilatlar qatılıb.
 
Tədbirdə çıxış edən “AccessBank”ın Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktoru Səbinə Qurbanova bildirib ki, Milli iqtisadiyyata dair Strateji Yol Xəritəsinə əsasən, iqtisadiyyatda şəffaflıq və nağdsız ödənişlərin payı sürətlə artacaq: “Proqnozlara görə, 2025-ci ilədək Azərbaycanda iqtisadi inkişaf sürətlənəcək, hətta ən ucqar yaşayış məntəqələri də "elektron təhsil", "elektron səhiyyə", "elektron kommersiya (ticarət)" kimi xidmətlərlə təmin olunacaq. Başqa sözlə, dövlət idarəetməsinin rəqəmsallaşması biznesin aparılması nöqteyi-nəzərdən şəffaflığı və effektivliyi artıracaq. Elektron xidmətlərin genişləndirilməsi Azərbaycanda biznes mühitinin beynəlxalq səviyyəyə qalxmasına zəmin yaradacaq. Bu baxımdan qeyd etmək istərdim ki, dövlət qurumları bu istiqamətdə bir sıra addımlar atıblar. Nağdsız əməliyyatların aparılması sahəsində qanunvericiliyə edilən sonuncu dəyişikliklər bunun bariz nümunəsidir. Belə ki, hüquqi şəxslər və digərləri öz fəaliyyətini bank hesabları üzərindən həyata keçirir. Nağdsız ödənişlərin əsasən onlayn bankçılıq fəaliyyəti ilə bağlı olmasını nəzərə alsaq, biz rəqəmsallaşma üzərində köklənməliyik”.
 
İcraçı direktor əlavə edib ki, banklar müştəri bazasını qorumaq üçün onlayn kanalların keyfiyyətini artırmalıdır. “Müştərilərin maliyyə savadlılığı və tələbləri sürətlə artır ki, bu da bankların daha çevik olmalarını tələb edir”, - deyə bankir vurğulayıb. 
 
S.Qurbanova onu da deyib ki, banklar müştərilər üçün özünəxidmət imkanlarını genişləndirir və bu, vəsaitlərin qənaət olunmasına səbəb olur: “Bu məsələyə bir neçə yanaşma mövcuddur. "McKinsey" şirkətinin təqdim etdiyi rəqəmlərə əsasən, rəqəmsal kanallarla aparılan tranzaksiyaların maya dəyəri ənənəvi bank xidmətərinin maya dəyərindən 20-25% azdır. Hərçənd, vətəndaşların hamısı onlayn servislərə açıq deyil, buna baxmayaraq, nağdsız ödənişlərin rahatlığı və təhlükəsizliyi müştərilərin onlayn bankçılığa keçidini sürətləndirəcək”.
 
“AccessBank”a gəlincə, icraçı direktorun sözlərinə görə, adıçəkilən bank İT infrastrukturunun inkişafı üçün vaxtında yatırım edib və bunun hesabına bank sektorundakı innovasiyalarla ayaqlaşa bilir: “Hazırda “AccessBank” rəqəmsal bankçılıq sahəsində aparıcı banklardan biridir və müştərilərə müxtəlif innovativ həllər təklif edir. Bu cür həllərdən biri də “myAccess” internet və mobil bankçılıq platformasıdır. Qeyd edim ki, hazırda “myAccess” və filiallarımızı birgə götürsək, tranzaksiyaların 70%-dən çoxu internet üzərindən aparılır. Biz müştərilərimizin vaxtını və rahatlığını yüksək qiymətləndiririk. Bunu nəzərə alaraq, müştərilərə təqdim olunan rəqəmsal xidmətlərin genişləndirilməsi “AccessBank” üçün prioritet olaraq qalacaq”. 
 
Yekunda bank rəsmisi vurğulayıb ki, gələcəkdə bank sektorunda rəqəmsallaşma prosesinin sürətləndirilməsi səbəbindən banklar filial şəbəkəsini də genişləndirməyəcək. “Belə ki, onlar coğrafi genişlənməni rəqəmsal kanallar üzərindən həyata keçirəcək. Dünya Bankının statistikasına əsasən, Azərbaycanda internetdən istifadə səviyyəsi 80%-ə yaxındır və bu göstərici ilə ölkəmiz regionun lideridir”, - deyə o qeyd edib. 
 
Qeyd edək ki, konfransda banklar və maliyyə texnologiyaları, elektron ticarətdə müasir ödəniş sistemlərindən istifadə, autentifikasiyanın yeni üsulları, banklarda İT təhlükəsizliyin müasir həlləri mövzusunda müzakirələr aparılacaq.


Вся лента