Azərbaycanın ən böyük onlayn ödəmə şirkəti GoldenPay idarəetmə komandasını daha da gücləndirir

10:39 - 19.04.2018


Azərbaycanın ən böyük onlayn ödəmə şirkəti GoldenPay gələcək inkişafı ilə bağlı idarəetmə strukturunda 13 aprel 2018-ci il tarixindən etibarən bir sıra dəyişikliklər həyata keçirib.

Qəbul edilmiş qərara əsasən, Fərid İsmayılzadə şirkətin İdarə Heyətinin sədri kimi cari idarəetmə ilə deyil, daha yüksək idarəetmə orqanı olan Müşahidə Şurasının üzvü təyin edilərək strateji idarəetmə və inkişaf işlərində fəal iştirak edəcəkdir.

“Bundan sonra İdarə Heyəti sədri vəzifəsinə isə çox etibar etdiyim Naina Mehdiyevanı təyin etdik. Naina xanım şirkətdə 11 ildir işləyir və onun inkişafında müstəsna rolu olub. Bu təyinatadək Naina xanım şirkətdə əməliyyatlar sahəsinə cavabdeh şəxs və İdarə Heyəti sədrinin birinci müavini olub”, qərarı şərh edərək Fərid İsmayılzadə bildirib.

“İdarə Heyətinin yeni üzvü olaraq Tuğba Uçar təyin edilib. Məhsulların inkişafı və marketinq sahələrinə cavabdeh olacaq Tuğba xanım daha öncə ABŞ və Türkiyədə aparıcı şirkətlərdə çalışıb, yeni təyinatadək Türk Telekom, TTNET və digər tanınmış şirkətlərin marketinq və məhsulların inkişafı bölmələrində aparıcı vəzifələrdə işləyib”, əlavə olaraq Fərid İsmayılzadə qeyd edib.

İdarə Heyətinin digər üzvü olan Məhəmmədiyə Abdurəhimov isə əvvəlki kimi şirkətdə İnformasiya Texnologiyaları sahəsinə cavabdehdir.

Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Bu müddətdə GoldenPay yüzlərlə xidmətlər üzrə onlayn ödəmələrin qəbulunu təmin edərək nağdsız hesablaşmaların artımında mühüm rol oynayan şirkətə çevrilib.

Həyata keçirilmiş dəyişikliklər GoldenPay şirkətinin institusional inkişafına və idarəetmə komandasının daha da güclənməsinə yönəlibdir. GoldenPay şirkəti yaxın vaxtlarda müştərilərinə yeni xidmətlər və imkanlar təqdim etməyi nəzərdə tutur.

Вся лента