Hava limanından paytaxta nə vaxt metro xətti çəkiləcək? - Açıqlama

10:33 - 6.12.2021


6 dekabr, Fineko/abc.az. Dünyanın bir çox ölkəsində hava limanından paytaxtın mərkəzinə və əks istiqamətdə metro stansiyaları işləsə də bu hələ də Azərbaycanda mövcud deyil. Bəs görəsən bunun səbəbi nədir?

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov ABC.AZ-a açıqlamasında bildirib ki, bu gün paytaxtı regionlar və beynəlxalq aləmlə birləşdirən əsas nəqliyyat qovşağı dəmiryol vağzalı və avtovağzaldır.

Onun sözlərinə görə, hər iki mühüm qovşağa metro nəqliyyatı var və bu özünü daşımalarda da doğruldur.

"Lakin mövcud konseptual sxemdə sadaladığım faktorlara görə metro xəttinin hava limanına qədər uzadılması və ya bir qolun bu istiqamətə doğru çəkilməsi nəzərə alınmayıb. Hava limanına metronun çəkilməsi zərurəti zamanla öyrənilə və müqayisəli təhlillər aparıla bilər. Sadə desək, "bu nə qədər zəruri və vacibdir" sualı cavablandırılmalıdır. Bu məsələ daha çox inteqrasiya olunmuş nəqliyyat vasitələri aspektindən öyrənilməsi daha effektiv olar. Metro, yoxsa digər alternativ ictimai nəqliyyat vasitəsi daha çox özünü doğruldar? Metro xəttinin çəkilməsi və 2-4 dəqiqəlik interval hesabı ilə bu istiqamətdə 5-vaqonluq qatarla 1600-ə yaxın sərnişinin daşına biləcəyini əsas götürsək, hava limanının faktiki istifadəçi, ziyarətçi sayı ilə uzlaşacaqmı? Ətraf ərazilərdən gələn, hava limanında və yaxınlıqdakı müəssisələrdə çalışanlar bu nəqliyyatdan hansı intensivliklə istifadə edəcəklər? və s. suallara cavab bu təhlillərin əsası olmalıdır. Metro praktiki nəqliyyat növü kimi daha çox ehtiyac duyulan ərazilərə çəkilsə, effektivliyi və böyüyən şəhər üçün səmərəsi olar. Bu baxımdan günün həyati vacib ictimai nəqliyyat məsələsi, zənnimcə, metropolitenin Yaşıl və Qırmızı xətlərinin ayrılmasıdır. Bu layihə şəhərin nəqliyyat nəfəsliyi və onun gələcək perspektivlərinə tısir edə biləcək faktordur. Yeri gəlmişkən, xətlərin ayrılması məsələsi Bakı şəhərinin hazırda işlənən baş planında da xüsusi nəzərə alınacaq. Bununla bağkı qarşılıqlı səmərəli müzakirələr, təhlillər və iş də aparılıb" deyə Metropoliten rəsmisi bildirib.

Müəllif: Elmir Murad

Вся лента