2017-ci ildə 10258 nəfər Çinli vətəndaş Azərbaycana gəlib

15:13 - 19.04.2018


19 aprel, Fineko/abc.az. Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə Bakıda Azərbaycan və Çin turizm şirkətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Büronun məlumatında deyilir ki, sağlamlıq turizmi sahəsində ixtisaslaşan bu biznes qurumlar Azərbaycana ildə əlavə 2 min nəfərə yaxın turistin səfərini təşkil etməyi nəzərdə tutub.

“Çinli mütəxəssislərin tədqiqatlarına əsasən, onların vətəndaşları əvvəlcə Naftalan şəhərində müalicə və profilaktikaya maraq göstərəcəklər. Paketlər 12 gün davam edəcək. Bu müddət ərzində Çindən gələn turistlər Bakı və Naftalana səfər edəcəklər”, - məlumatda belə deyilir.

Məlumata əsasən, Çinli mütəxəssislər vurğulayır ki, il ərzində təxminən 1 milyon çinli sağlamlıq turizmi məqsədilə ölkədən çıxır. Onlar daha çox orta və yaşlı nəslin nümayəndələridir.

“Əvvəllər çinli turistlər daha çox ümumi Cənubi Qafqaz vahid tur paketi çərçivəsində ölkəmizə səfər edirdilər. Yeni sazış isə yalnız Azərbaycana gəlişi nəzərdə tutur.

Milli Turizm Təbliğat Bürosunda Çin bazarının prioritet istiqamət olduğunu vurğulayırlar. Ötən ildən Azərbaycanın turizm potensialı daha intensiv təbliğ edilir. Azərbaycana sosial media jurnalistləri, blogerlər, turagentlər dəvət edilir, Çinli partnyorlara geniş layihələr qurulur. Məhz bunun nəticəsi olaraq yeni saziş də ərsəyə gəlib”, - məlumatda belə deyilir.

2017-ci ildə Azərbaycana  10258 nəfər Çinli vətəndaş səfər etmişdir.

 

 

Вся лента