Azərbaycanda əmlak çıxarışlarının verilmə müddəti bir günə qədər azaldıldı

11:25 - 27.04.2018


27 aprel, Fibeko/abc.az. Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı sahəsində xidmətlərin keyfiyyətini artırmağa davam edir.

Dövlət Komitəsinin məlumatında deyilir ki, bununla bağlı Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na dəyişikliklər edib.

“Düzəlişlərə əsasən, vətəndaşlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təsdiqləyən çıxarışları 1 gün, 3 gün və 7 iş günü müddətində ala biləcəklər.  Qeydiyyat prosesi zamanı mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına ehtiyac yaranarsa, ərizələr 2 gün, 5 gün və 10 iş günü müddətində icra ediləcək. İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr isə bir və iki iş günü müddətində icra olunacaq. Yeni qaydalar üzrə xidmətlərin tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən əmsallarla hesablanacaq”, - məlumatda belə deyilir.

 

Вся лента