Maliyyə Nazirliyi: Azərbaycanın dövlət büdcəsi yanvar-sentyabr aylarında kəsirlə, icmal büdcə isə büdcə artıqlığı ilə icra olunub

12:35 - 19.10.2017


Yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin kəsiri  783,6 mln. manat təşkil etmişdir.

Maliyyə Nazirliyinin məlumatında deyilənə əsasən, hesabat dövrü ərzində büdcə mədaxili 12045,1 mln. manat, xərclər 12783,7 mln. manat təşkil etmişdir ki, nəticədə də  783,6 mln. manat həcmində büdcə kəsiri yaranmışdır.

“2017-ci doqquz ayında dövlət büdcəsinin mədaxili 12019,0 mln. manat proqnoza qarşı 12045,1 mln. manat və ya 0,2 faiz çox icra olmuşdur ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1942,0 mln. manat və ya 19,2 faiz çoxdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1 faiz icra edilməklə dövlət büdcəsinə 5224,8 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 298,5 manat və ya 6,1 faiz çoxdur. Həmin vəsaitin 73,2%-i qeyri-neft sektorundan daxilolmaların payına düşür”, - məlumatda belə deyilir.

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 117,8 faiz əməl edərək dövlət büdcəsinə 1950,4 mln. manat vəsait təmin etmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (SOFAZ) dövlət büdcəsinə 4300,0 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 275,0 mln. manat və ya 6,0 faiz azdır.

2017-ci ilin yanvar-senytabr aylarında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,7 faiz və ya 12783,7 mln. manat icra olunmuşdur ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2161,5 mln. manat və ya 20,3 faiz çoxdur.

Hesabat dövrü ərzində dövlət büdcəsi xərclərinin 38,1 faizi və ya 4865,1 mln. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 351,4 mln. manat və ya 7,8 faiz çoxdur.

Dövlət büdcəsinin xərcləri yanvar-sentyabr aylarında 4590,0 mln. manat təşkil etmişdir.

Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsində 738,6 mln. manat kəsir (defisit) yaranmışdır. Kəsir, özəlləşdirmədən, daxili və xarici borclanmadan daxilolmalar və 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına təmin edilmişdir.

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 17586,9 mln. manat, icmal büdcənin xərcləri isə 16972,4 mln. manat təşkil etmişdir. Beləliklə, icmal büdcənin artıqlığı 614,5 mln. manat təşkil etmişdir.

 

Вся лента