Prezident İlham Əliyev Xızı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib

16:33 - 4.05.2018


4 may, Fineko/abc.az. Mayın 4-də Prezidenti İlham Əliyev “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə iştirak edib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlət başçısını layihə barədə məlumatlandırdı.

Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilir. Xızı şəhəri və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb

Layihədən, rayonun 3 kəndinin əhalisi daxil olmaqla, cəmi 6,3 min nəfər faydalanacaq.

Layihəyə əsasən, Xızı şəhərinin və Altıağac qəsəbəsinin əsas su mənbəyi sayılan Dahardibidə məhsuldarlığı gündə 864 kubmetr, Qarsda məhsuldarlığı gündə 430 kubmetr, Şəfada məhsuldarlığı gündə 240 kubmetr və Yeddibulaqda məhsuldarlığı gündə 40 kubmetr olan sugötürücü qurğular inşa olunub.

Ümumi tutumu 1400 kubmetr olan 4 anbar tikilib, mənbələrdən götürülən suyun anbar kompleksinə nəqli məqsədilə, ümumilikdə, 18 kilometr magistral su xətti çəkilib. Layihə çərçivəsində Xızı şəhərində və Altıağac qəsəbəsində 52,4 kilometr içməli su və 32,4 kilometr kanalizasiya şəbəkələrinin, həmçinin şəbəkə üzərində 1513 baxış quyusunun inşası başa çatdırılıb, hər bir evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib.

Hazırda Xızı şəhərində məhsuldarlığı sutkada 1500 kubmetr, Altıağac qəsəbəsində isə məhsuldarlığı sutkada 350 kubmetr olan tullantı sutəmizləyici qurğuların tikintisi üzrə tender prosesi yekunlaşmaq üzrədir.

Yeni layihənin icrasına qədər Xızı şəhərində 1985-1991-ci illərdə yaradılmış su təchizatı sistemləri istismar edilirdi. Şəhərdə mövcud 29 kilometr su şəbəkəsi istismara yararsız vəziyyətə düşdüyündən su təchizatı normal həyata keçirilmirdi. Altıağac qəsəbəsində 1980-ci illərin əvvəllərində yaradılmış içməli su təchizatı sistemi də istismar tələblərinə cavab vermirdi. Qəsəbə sakinlərinin 60 faizi mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilirdi. Xızı şəhərində və Altıağac qəsəbələrində kanalizasiya sistemləri isə, ümumiyyətlə, mövcud olmayıb.

 

Вся лента