Azərbaycan və İranın energetika nazirləri Rusiya ilə birgə enerji dəhlizinin yaradılması məsələlərini müzakirə etdilər

11:46 - 8.05.2018


8 may, Fineko/abc.az. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun İrana səfəri sona çatdı.

Nazirliyin məlumatında deyilir ki, 23-cü Beynəlxalq Neft-Qaz sərgisində iştirakı çərçivəsində nazir bir sıra görüş keçirib.

“İranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşdə iki ölkə arasında neft-qaz sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, eləcə də martın 2-də imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, İranın energetika naziri Reza Ardakanian ilə görüşdə elektrik enerjisi mübadiləsi, elektrik enerjisinin satışı ilə bağlı görülən tədbirlər, “Xudafərin” və “Qız qalası” hidroqovşaqları, eyni zamanda, “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi ilə bağlı məsələlərə toxunulub.

Məlumatda deyilir ki, həmçinin Azərbaycan-İran-Rusiya arasında elektrik enerjisi dəhlizinin yaradılması da müzakirə edilib.

Səfər çərçivəsində  “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi üzrə Birgə Texniki Komissiyanın ilk iclası keçirilib. İclasda bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə edilib, növbəti tədbirlər müəyyənləşdirilib.

 

Вся лента