Bəzi əmlak sahibləri öz əmlakına yönəlmiş risklərin hələ də fərqində deyil - ASA Müşahidə Şurası sədrinin müsahibəsi

14:41 - 27.05.2022


27 may, Fineko abc.az.  Xəbər verdiyimiz kimi İstanbulda Türkdilli ölkələrin Türk Dünyası Sığorta Birliyi yaradılıb. Azərbaycanın da daxil olduğu sığorta birliyinin gələcək fəaliyyəti, məqsədi və sektordakı digər məsələlərlə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyev ABC.AZ-a müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik;                    

 Bildiyimiz qədəri ilə siz - Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq ölkəmizin sığorta sektorunu hazırda Türkiyədə keçirilən Beynəlxalq Sığorta Sammitində təmsil edirsiniz və o Sammitdə Türk Dünyası Sığorta Birliyi yaradılıb. Bu birliyin başlıca məqsədi və təfərrüatları barədə nə deyə bilərsiniz?

- Bəli, artıq 2 gündür ki, Türkiyənin İstanbul şəhərində Türkiyə Sığorta Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Sığorta Sammiti keçirilir. Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyası burada iştirak edirlər. Sammitdə ümumilikdə 10-a yaxın ölkənin sığorta təmsilçiləri iştirak edir. Sığorta həftəsinin 2-ci günü, yəni 24 may tarixində zirvə toplantısı təşkil olundu və 6 türkdilli dövlətin sığorta birlikləri arasında əməkdaşlıq sazişi imzalandı. Bu, Türk Dünyası Sığorta Birliyinin qurulmasını təsdiq edən sənəddir. Birliyə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın sığortaçılar assosiasiyaları üzvdürlər. Əvvəla onu qeyd edim ki, Türk Dünyası Sığorta Birliyinin yaradılması ilə bağlı ortaq razılıq və birgə təşəbbüs Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi arasında əldə olunub. Bu birliyin yaradılmasında başlıca məqsədlər birliyə üzv olan türkdilli ölkələrin sığorta bazarlarının dinamik inkişafının təmin olunması, kadr, təcrübə və məlumat mübadiləsinin təşkil edilməsi, ortaq sığorta hovuzunun yaradılması və bununla paralel olaraq təkrarsığorta imkanlarının formalaşdırılmasıdır. Belə bir birlik dünyada ilk dəfədir ki, yaradılır. Ümid edirəm və inanıram ki, bu yenilik istər ölkəmizin, istərsə də bütün türk dünyasının sığorta bazarlarına səmərəli nəticələr qazandıracaq.

Cari ilin yanvar-aprel ayları üzrə açıqlanmış sığorta icmalına görə, Həyatın yaşam sığortası növü üzrə yığımlarda artım, ödənişlərdə isə azalma qeydə alınıb. Necə düşünürsünüz, bunun başlıca səbəbləri hansı amillərlə bağlı ola bilər?

- İlk olaraq onu qeyd edim ki, Həyatın yaşam sığortası bir sığorta növü olaraq özünəməxsus özəlliklərə, şərtlərə malikdir. Belə ki, bu sığorta növü ölkəmizdə sığortalılara 3 illik sığorta müqəviləsi müddəti ilə təklif olunur. Bu da onun deməyə əsas verir ki, bu sığorta növü üzrə ödəniş məbləğlərində müxtəlif periodlarda volatilliyin müşahidə edilməsi normal haldır. Bunu əsas götürsək, bu növ üzrə müxtəlif dövlərlərdə ödənişlər arta da bilər, azala da bilər, hətta ödənişlər yığım məbləğini ötə də bilər.

Yanvar-aprel aylarını əhatə edən sığorta icmalından görünən odur ki, növ üzrə cari ilin hesabat dövründə yığımlar 136.6 milyon manat təşkil edir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 38.2 milyon manat çoxdur. Burada artım tempi normaldır. Ödənişlərdə isə azalma görünür. Belə ki, 2022-ci yanvar-aprel aylarında ödənişlər 29.1 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq periodu ilə müqayisədə 70 milyon manat azdır. Bu o demək deyil ki, həyat sığortası şirkətləri ödənişlərdən imtina edir, xeyr. Bu azalma, cavabımın əvvəlində qeyd etdiyim kimi, haqqında danışdığımız sığorta növün sahib olduğu özünəməxsus xüsusiyyətlər və 3 illik müqavilə müddəti məsələsi ilə birbaşa bağlıdır. Yəni müvafiq azalmanın istər sığortaçılara, istərsə də sığortalılara hər hansı bir neqativ təsiri yoxdur.

 Bizdə olan məlumata görə, yaxın 4-5 ay ərzində bəzi sığorta şirkətlərinin bağlanma ehtimalı var və bunun da həmin şirkətlərin maliyyə göstəriciləri ilə bağlı olduğu ehtimal edilir. Bu nə dərəcədə real görünür?

- Bildiyiniz kimi, ölkəmizdə sığorta sektoruna nəzarəti Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirir. Yəni sığorta şirkətinin fəaliyyətinə icazə verən lisenziyanı da Mərkəzi Bank verir, həmin lisenziyaya müəyyənləşdirilmiş səbəblərə görə xitamı vermək də Mərkəzi Bankın səlahiyyətindədir. Biz isə sığorta şirkətlərinin fəaliyyətinin stimullaşdırılmasını həyata keçirən, sektorial problemlərin həllinin sürətləndirilməsinə təkan verən Assosiasiyayıq. Ona görə də məndə şirkət və ya şirkətlərin bağlanma ehtimalı ilə bağlı hər hansı məlumat yoxdur.

Daşınmaz əmlakın icbari sığortası son aylar qeydə alınan yanğın hadisələri ilə yenidən gündəmə gəldi. Lakin buna baxmayaraq bu sığorta növündə gözəçarpacaq bir irəliləyiş yoxdur. Necə düşünürsünüz bu nə ilə əlaqədardır və bu növü inkişaf etdirmək üçün nə kimi addımlar atılmalıdır?

- Çox maraqlı bir məsələyə toxundunuz. Bəli, Daşınmaz əmlakın icbari sığortası bu gün hər birimiz üçün çox vacib istiqamətlərdəndir. Əsasən yanğın və digər bu kimi arzuolunmaz hadisələrdən sonra əmlak sahiblərinin bu növ ilə maraqlanmağa başlaması, növün aktuallaşması bir tendensiyaya çevrilib. Bu da əmlak sahiblərinin istər, əmlak riskləri, istərsə də Daşınmaz əmlak sığortası növü haqqında məlumatlarının məhdud olmasından irəli gəlir. Təəssüf ki, bu gün hələ də elə əmlak sahibləri var ki, öz əmlakına yönəlmiş risklərin fərqində deyil və bütün bu proseslərə mühafizəkar yanaşır. Biz bunu aktiv müşahidə edirik. Məhz buna görə də ümumrespublika səviyyəsini əhatə edən sığorta maarifləndirməsi ilə bağlı layihəyə start vermişik. Bildiyiniz kimi, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında "Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında" Memorandum mövcuddur. Bu memorandum çərçivəsində artıq 2021-ci ildən etibarən 3 illik maarifləndirmə layihəsinə start vermişik. 3 illik layihənin hər ili bir istiqamətə həsr olunur. Biz artıq layihənin birinci mərhələsini yekunlaşdırıb, ikinci mərhələyə başlamışıq. Layihənin birinci mərhələsində mövcud və potensial sığortaolunanlarda risk fərqindəliyinin formalaşdırlması, sektor və müxtəlif istiqamətlər üzrə risk fərqliliyinin mövcudluğu ilə bağlı geniş təbliğat və bilgiləndirmə işləri aparıldı. Əminliklə qeyd etmək istəyirəm ki, məhz bu layihənin ilk etapının uğurlu nəticəsi idi ki, yerli sığorta bazarı 2021-ci ili 16%-lik böyümə ilə başa vurdu və sığorta sektorunun ÜDM-dəki payı 1%-ə yüksəldi.

Bu ildən layihənin növbəti mərhələsinə başlamışıq. İkinci mərhələdə başlıca istiqamətimiz əhalini sığorta sinifləri ilə geniş tanış etməkdir. Bu maarifləndirmə layihəsinin ikinci mərhələsinin ilk etapı da elə məhz Daşınmaz əmlakın icbari sığortasına həsr olunub. Biz artıq 5 aydır ki, ictimaiyyəti əmlak riskləri və daşınmaz əmlak sığortası ilə bağlı maarifləndiririk. Layihəmizin daşınmaz əmlak sığortasına həsr olunmuş maarifləndirmə işləri artıq öz müsbət təsirini göstərməyə başlayıb. Belə ki, bu növ üzrə yığımlarda stabil artım tempi təmin olunmaqdadır. Əvvəlki suallarda qeyd etdiyiniz yanvar-aprel aylarını əhatə edən həmin icmaldan da görürük ki, bu növ üzrə yığımlar ötən ilin eyni dövrü ilə müqayisədə 2.2 milyon manat artaraq 30.1 milyon manata yüksəlib. Bu, sevindirici haldır.

Təbii ki, sığorta vərdişlərinin formalaşdırılması prosesi tədricən və mərhələli şəkildə baş verir. Bu prosesin sürətləndirilməsi və vətəndaşlarda sığorta vərdişlərinin əsaslı şəkildə formalaşdırılması üçün biz sığortaçılar bütün imkanlarımızla çalışırıq və çalışacağıq.

Müəllif: Elmir Murad

Вся лента