Bakının mərkəzində günlük kirayələr bahalaşıb

16:48 - 7.06.2022


7 iyun, Fineko/abc.az. Son günlər Bakının mərkəzində və mərkəzə yaxın yerlərdə günlük kirayə verilən mənzillərin kirayə haqlarının artması müşahidə olunur.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu  əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə qiymətlərin qalxması Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi yarışları ilə əlaqədardır.

"Bahalaşma əsasən avtomobillərin hərəkət edəcəyi yolların kənarında yerləşən mənzillərdədir. Əsasən, Neftçilər prospekti boyunca mənzillərin günlük kirayə qiymətləri 250-300 manat arasında dəyişir Bunun da əsas səbəbi mövcud yarışlarla əlaqədar ölkəyə turist axınıdır. Yarışlara birbaşa baxışı olmayan mənzillərdə də qiymət artıb. Həmin ərazilərdə yerləşən 70-80 manata təklif olunan ikiotaqlı təmirli mənzillərin qiyməti hazırda 110-120 manatdan başlayır. Otaq sayı artdıqca qiymətlər də artır. Bundan başqa, yarışları izləmək imkanı olan eyvanları da icarəyə vermə halları müşahidə olunur", - deyə ekspert bildirib.

Вся лента