330x110
 

Ramazan ayında sağlam qidalanma və yanlış qidalanmanın mümkün fəsadları

18.05.2018,10:36


Müqəddəs Ramazan ayında sağlam qidalanma və yanlış qidalanmanın mümkün fəsadları

Tam 1 ay boyunca orqanizmin qidalanma və yaşam şərtləri dəyişməli olur. Bu dönəmdə düzgün olmayan qidalanma bir çox sağlamlıq problemlərinə səbəb ola bilər:

Artıq çəki

Ramazanda çəki problemlərinə fərqli yanaşmalar olsa da, əksər hallarda çəki artmış olur. Uzun müddətli aclıqdan sonra çox kalorili qidaların, xüsusilə karbohidrat və şəkər tərkibli qidaların qəbulu çəki artımına səbəb olur. Bu üzdən belə qidaların az qəbul olunması məsləhətdir.

Stress və əsəbilik

17 saat davam edən aclıq və susuzluq səbəbiylə orqanizm stressə girir və bu da ruh halımıza mənfi təsirini göstərir. İftarda və əsas da İmsakda  qidalanma və maye qəbuluna diqqət yetirmək lazımdır.

Xroniki xəstəliklər

Xroniki xəstəlikləri olan şəxslərdə diqqət etməzlərsə xəstəliklərin kəskinləşməsi və hətta ağırlaşması mümkündür. Hipertoniya, şəkər, böyrək xəstələri, immun çatışmazlığı olan xəstələr qidalanma ilə bağlı problemlər yaşaya bilər. Xroniki xəstələr və bu üzdən dərman qəbul edənlər mütləq oruc tutmadan öncə müalicə həkimi ilə məsləhətləşməlidirlər.

Qəbizlik

Qidalanma şəklinin dəyişməsi, Lifli qidalar yerinə şəkər və zülal qəbulunun artması qəbizliyə səbəb olur. Bunu nəzərə alaraq Ramazanda mütləq meyvə və tərəvəzlər, paxlalılar kifayət qədər qəbul edilməlidir.

Baş ağrısı

Vücudun uzun müddət susuz və ac qalması, bəzi qida maddələrin çatışmazlığı, bəzi qidaların isə- çay, kofe kimi məhsulların artıq qəbulu baş ağrısına səbəb olur.

Dehidratasya

Maye və duru qidaların az qəbulu, isti hava səbəbilə tərləmə çoxlu maye itirilməsinə və  dehidratasiyaya səbəb olur.  Belə şəxslərdə ağızda quruluq, tüpürcəin qatılaşması, baş ağrısı meydana çıxır.

Hipoqlikemiya

Kifayət qədər qida qəbul olunmaması və ya qeyri düzgün bəslənmə qanda şəkərin səviyyəsinin enməsinə səbəb olur. Xüsusilə də iftar saatına yaxın orqanizmdə depo halında olan şəkər də azalır və bu da başgicəllənmə, halsızlıq, tərləmə şikayətlərinin yaranmasına səbəb ola bilir.

Həzm pozğunluğu

İftarda yağlı və kalorili qidalar ciddi həzm pozğunluqlarına zəbəb olur.

Ramazan ayı boyunca gün ərzində gümrah qala bilmək üçün İmsakda düzgün qidalanmaq böyük əhəmiyyət kəsb edir.

 İmsakda necə qidalanmaq lazımdır?

Rasiona süd və süd məhsulları, meyvə- tərəvəz məhsulları, taxıl qrupu qidalar daxil olmalıdır. Mütləq yumurta qəbul edin. Zülalla zəngin yumurta, pendir, süd və süd məhsulları uzun müddət tox qalmanıza şərait yaradır. Meyvə və tərəvəzlər vitamin və minerallarla zəngin olduğu üçün onların qəbulu mütləq vacibdir. Taxıl qrupu qidalar isə bütün vücudun, xüsusilə də beynin enerji ehtiyaclarını təmin etməyə kömək edir.

Mütləq 3-4 stəkan su için. Bu yolla uzun müddət susuz qalan orqanizmdə elektrolit balansının pozulmasının qarşısı alınacaq. Həmçinin süd, meyvə və tərəvəzlər də orqanizmin su ehtiyaclarını ödəməyə yardımçı olacaq. Çay və kofenin diuretik (sidik qovucu) təsirini nəzərə alaraq imsakda mümkün qədər az qəbul etməyə çalışın.

Çalışın duzlu, ədviyyatlı və şəkərli qidalar qəbul etməyin. Duzlu və ədvalı qidalar susuzluğa, rafinəolunmuş şəkərli qidalar isə aclığa səbəb olur.

İmsakda qidalanmanı ciddiyə alın, mütlək imsakda oyanın və lazımi qidalar qəbul edin. Uzun müddət ac qalacağınız üçün sutkalıq tələbatınızı ödəyəcək şəkildə bəslənin. İmsaka qalxmadan oruc tutmayın!!!

İftarda necə qidalanmaq lazımdır?

İftarı yüngül qidalarla açın, tələsmədən yeyin. Uzun müddət ac qalan orqanizmə külli miqdarda və ağır qidaların qəbulu orqanizmin ağır və var gücüylə çalışması orqanizmin yorulmasına səbəb olur. Bu cür sistemsiz qidalanma yeməkdən sonar qəfil yorğunluğa və  həzm pozğunluğuna səbəb ola bilər. Normadan çox qidalanma qanda şəkərin qəfil yüksəlməsinə və halsızlığa səbəb olur. Bunu nəzərə alıb iftarınızı 2 öyünə bölərək yeyin.

İftarınızı xurma və ya zeytunla açın, üstündən 1 stəkan ilıq su için. Bu yolla 17 saat ac qalmış mədənizi yeməyə hazırlamış olursunuz. Şorba və tərəvəzlərdən ibarət salat yedikdən sonar əsas yeməyə keçməmiş bir qədər gözləyin. Bu bizə həm doyma siqnalını vaxtında hiss etməyə, həm də qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

Əsas yemək kimi çörək-plov-makaron qəbuluna diqqətlə yanaşın. Bitki yağında bişmiş qidalar, ətli və ətsiz tərəvəzli şorba və paxlalılar, qatıq, ayran, meyvə şirələri, yüngül südlü şirniyyatlar qəbul oluna bilər.

Əsas yeməkdən ən az 1-2 saat sonra 1 boşqab qarışıq meyvə salatı, 1 kasa meyvəli yoğurt və ya 1 ovuc qoz, badam, fındıq və ya 1 pors südlü və ya meyvəli şirniyyat qəbul oluna bilər.

İftar və imsak arasında ən az 2 litr maye qəbul etməyə çalışın. Ramazanda su və elektrolit itkisinin qarşısını almaq məqsədilə sudan başqa, təzə sıxılmış meyvə suları, süd, ayran, şorpalar və kompotlar qəbul edin.

Hipertoniya xəstələri, ödemə meylli şəxslər xüsusilə yağlı, duzlu və ədviyyatlı qidalardan uzaq durmalıdırlar. Belə şəxslər iftarda şirniyyat, kurabiyə, xəmir yeməkləri və karbohidratla zəngin digər qidalardan uzaq durmalıdırlar. Bunlar həm də tez acmanıza və çəki artımına yol aça bilər. Həmçinin turşu, duzlu quruyemiş, kolbasa məhsullarını da qəbul etməməyə çalışın.

Ramazanda Fiziki aktivlik:

İftardan 1- 1,5 saat sonra en az 30 dəqiqə yürüyüş edin. Fiziki hərəkətləri iftar və imsak arası dövrdə edin.

Siqaret çəkənlər!!!!

İftarı siqaretlə açmayın! Belə ki, aclıq sonrası həssas metabolizmanız hər an partlaya bilən bomba kimi reaksiya verə bilər. Orucu siqaretlə açan şəxslər ani ürək tutması, infarktla qarşılaşa bilərlər. Bu məsələdə mütləq diqqətli olun

Allah tutduğunuz orucları, etdiyiniz duaları qəbul etsin.

Ключевые слова: Ramazan Ramadan