Rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq - İlham Əliyev

25.07.2022,15:24


25 iyul, Fineko/abc.az. Heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev yeni vəzifələrə təyin etdiyi icra başçılarını qəbul edərkən deyib.

Dövlət başçısı sözlərinə belə davam edib: “Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır. Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq”.