Şuşada genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir - Müsahibə

26.07.2022,12:00


Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə ABC.AZ saytına müsahibə verib.

Müsahibədə qarşıda görüləcək işlər, fəxri adların verilməsi və digər məsələlərə toxunulub. Həmin müsahibəni sizə təqdim edirik.                        

 Bildiyimiz kimi, bu il cənab Prezident İlham Əliyev tərəfindən "Şuşa İli" elan edilib. Bununla bağlı qarşıda hansı tədbirlərin həyata keçirilməsi gözlənilir?

– Öncə onu qeyd edək ki, Qarabağ xanlığının yadigarı, 270 yaşlı Şuşa Azərbaycanın mədəni-mənəvi zənginlikləri ilə dünyada məşhur olan şəhərlərindəndir. 28 il düşmən işğalı altında qalan Şuşada tarixi-dini abidələr, məktəb və muzeylər ermənilərin vandalizminə məruz qalıb. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz misilsiz qəhrəmanlıq göstərərək mümkünsüz hesab olunanı bacardı. Qarabağımızı, onun baş tacı Şuşanı düşməndən azad etdi. 

Prezident İlham Əliyev tərəfindən Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, eyni zamanda 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarəti, yüksək diqqət və qayğısı ilə Şuşada genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. Şuşanın tarixdəki görkəminin özünə qaytarılması istiqamətində davamlı işlər görülür. 

Məlum olduğu kimi, “Şuşa İli” ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər planında nəzərdə tutulan tədbir və layihələr aidiyyəti qurumlarla yanaşı, əsasən Mədəniyyət Nazirliyinə həvalə olunub. Nazirliyin təşəbbüsü, təşkilatçılığı və dəstəyi ilə “Şuşa İli” münasibətilə müxtəlif layihələr gerçəkləşdirilir. “Şuşa mədəniyyətinin inciləri”, “Şuşa söhbətləri”, Heydər Əliyev Fondu ilə birgə reallaşdırılan “Şuşa dörd fəsildə” (“Four seasons of Shusha”) və digər layihələr əlamətdar ilə töhfədir. Bundan əlavə, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” adlı kataloq hazırlayaraq nəşr etdirib. Nazirlik tərəfindən əlamətdar il münasibətilə pyes və heykəltəraşlıq müsabiqələri elan edilib. Şanlı Zəfərimizə həsr olunan ədəbi yaradıcılıq və “Qarabağın tarixi” mövzusunda qısa videoçarx müsabiqələri də, hesab edirik ki, Qarabağın, Şuşanın mədəni zənginliklərinin təbliğinə töhfə olacaq. 

Bildiyiniz kimi, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən bu il mayın 12-14-də Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirildi. Müxtəlif ölkələrdən kollektiv və ifaçıların Şuşada bir səhnəni bölüşməsi qədim şəhərimizin beynəlxalq səviyyədə təbliğinə gözəl töhfə oldu. Həmçinin Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə 14-15 iyul tarixlərində Şuşada keçirilən Vaqif Poeziya Günləri də 270 yaşlı şəhərimizin keçmiş şöhrətinin özünə qaytarılması, ədəbi-mədəni mühitinin canlandırılması baxımından böyük əhəmiyyətə malikdir. Nazirliyin dəstəyi və təşkilatçılığı ilə “Şuşa İli” münasibətilə tədbir və layihələrimiz il ərzində davam edəcək.

Bir neçə il əvvəl ölkədə sanki "film bumu” yaşanırdı. Təbii ki, burada Mədəniyyət Nazirliyinin də əməyi az deyildi. Amma təəssüf ki, indi belə demək olmaz. Niyə ölkədə film sektoru inkişaf edə bilmir, nazirlik bu istiqamətdə hansı işləri görə bilər və necə dəstək verməyi planlaşdırır?

– Bildiyiniz kimi, Azərbaycan kinosu bir əsrdən artıq dövrü əhatə edən böyük inkişaf yolu keçib, bu illər ərzində onlarla diqqətəlayiq ekran əsəri istehsal olunub. Filmlərimiz çoxsaylı beynəlxalq kino festivallarında uğurlar qazanıb və milli kinomuzdakı yarım əsrdən artıq yaşı olan bir sıra ekran əsərlərini bu gün də sevə-sevə, maraqla izləyirik. Bu bir həqiqətdir ki, yaradıcılıq sahələrinin inkişafı yeni tendensiyalarla yanaşı, mütərəqqi ənənələrə də söykənir. 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə müstəqil respublikalar yarandı. Bütün siyasi proseslər, sözsüz ki, mədəniyyət sahəsinə də öz təsirini göstərdi. Azərbaycanda isə proseslər daha fərqli oldu, təəssüf ki, daxili çəkişmələrlə, ərazilərimizin 20 faizinin işğalı ilə nəticələndi.

Amma bütün bu deyilənlərdən belə bir nəticə hasil olmasın ki, bizdə, ümumiyyətlə, filmlər çəkilməyib. 90-cı illərin ortalarından etibarən ölkəmizdə yaxşı filmlər ərsəyə gətirilib, ekran əsərlərimiz beynəlxalq festivallarda uğur da qazanıb. 

Bu gün ölkəmizdə kino sənayesinin əsas problemi təkcə maddi-texniki baza deyil. Biz eyni zamanda kinomuzda ixtisaslı kadr çatışmazlığını da müşahidə edirik. Peşəkar işıqçı, qrim ustası, prodüser çatışmazlığı da var.

Mədəniyyət Nazirliyi kinonun müxtəlif istiqamətləri üzrə müsabiqələr keçirir. Götürək elə film layihələri, ssenari müsabiqələrini. Müsabiqələrə təqdim olunan layihələr, ssenarilər əksər hallarda ideya-sənətkarlıq baxımdan, kinematoqrafik cəhətdən müasir tələblərə cavab vermir. Əksər nümunələr də ailə-məişət çərçivəsindən kənara çıxmır. Halbuki biz ağır bir müharibədən alnıaçıq, şanlı Zəfərlə çıxmışıq. Ərazi bütövlümüzü bərpa etmişik. Bundan əlavə, 30 illik işğal dövründə əzəli yurd yerlərimiz dağıdılıb, çoxəsrlik tarixi-mədəni mirasımız ermənilər tərəfindən vandalizmə məruz qalıb. Bir milyon soydaşımız köçkünlük həyatı yaşayır və sair və ilaxır. Bütün bu problemlər hansısa forma və üsullarla sənətə gəlməlidir. Azərbaycanın məruz qaldığı haqsızlıqlar kino sənətinin universal imkanları ilə, yüksək peşəkarlıqla ekranlara çıxarılmalıdır. Daha da dəqiqləşdirsək, bir güllə atmadan, bir damla qan axıtmadan düşmənin törətdiyi soyqırımları, müharibə cinayətlərini beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Mədəniyyət Nazirliyi bu tələblərə, eləcə də çağdaş dünya kinosunun mütərəqqi ənənələrinə cavab verən layihələrə dəstək verməyə hazırdır.  

Nazirlik olaraq istəyirik ki, kino sənayesinə özəl sektor da qoşulsun. Biz görürük ki, bu gün dünyada dövlət dəstəyi ilə yanaşı, özəl sektorun da film sahəsinə çox böyük yatırımları var. Yeni yaradılan Azərbaycan Respublikası Kino Agentliyinin qarşısında duran əsas vəzifələrdən biri də özəl sektoru bu sahəyə cəlb etmək olacaq. Eyni zamanda Agentlik xarici kino şirkətləri ilə birgə layihələrin həyata keçirilməsini də diqqətdə saxlayacaq, ölkəmizin aparıcı kino şirkətlərinin çəkiliş meydanına çevrilməsinə çalışacaq.

Bir neçə il öncə əksər hallarda bəzi incəsənət xadimləri fəxri adların verilməsi üçün Prezidentə təqdim olunan siyahıdan narazılıq edir, bu məsələdə ədalətliliyin qorunmadığı fikrini irəli sürürdülər. İndi bu prosedur necə tənzimlənir və bu istiqamətdə nə kimi dəyişikliklər var?

- Azərbaycan dövlət tərəfindən mədəniyyət və incəsənət xadimlərinə xüsusi münasibət göstərilən azsaylı ölkələrdəndir. Bu ənənə mədəniyyətimizin həqiqi himayədarı olmuş ulu öndər Heydər Əliyevdən miras qalıb və hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün sənət adamlarımız dövlətin qayğısı ilə əhatə olunublar. Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan insanlar müxtəlif fəxri adlara, orden və medallara, Prezident mükafatı və təqaüdünə layiq görülürlər. Ölkəmizdə mədəniyyətin inkişafında xidmətləri olan insanların adlarının əbədiləşdirilməsi, yubileylərinin qeyd olunması bu gün fəaliyyət göstərən yaradıcı insanlar üçün örnəkdir, əlavə stimuldur.  

Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli 130 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməsinə əsasən, mədəniyyətimizin inkişafında xidmətləri olan incəsənət  xadimlərinə fəxri adlar yaş həddinə, yaxud uzunillik fəaliyyətə görə deyil, milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə dövlət başçısının müvafiq sərəncamı əsasında verilir.

Hazırda yaradıcı şəxslərə fəxri adların verilməsi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən yeni qaydalar hazırlanır. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməyə riayət olunması, namizədlərin təqdimatında obyektivliyin təmin olunması, namizədlərə layiq olduqları dəyərin verilməsi əsas sayılır. 

Yeni nazirin gəlişi həm də yenilik deməkdir. Şəxsən öz araşdırmalarım nəticəsində məlum oldu ki, Anar Kərimovun təyinatından sonra mədəniyyətin bir çox sahələrində inkişaf müşahidə olunur. Bəs qarşıda başqa nə kimi yeniliklər və dəyişikliklər ola bilər?

- Hər bir inkişaf müəyyən yeniliklərə əsaslanmalıdır. Bu gün dünyada gedən sürətli texnoloji inkişaf, mədəniyyətlərin inteqrasiyası bizim də müəyyən addımlar atmağımızı şərtləndirir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələrdəndir. Dövlətimizin inkişaf dinamikası bütün istiqamətləri, o cümlədən mədəniyyət sahəsini də əhatə edir.

Biz dövlət başçısının qarşımızda qoyduğu vəzifələrdən yola çıxaraq Mədəniyyət Nazirliyində islahatlara başlamışıq. Hazırda nazirlikdə hüquqi və struktur islahatlar həyata keçirilir. Növbəti istiqamət isə insan kapitalının inkişaf etdirilməsidir. Müasir dövrün tələblərinə cavab verən, idarəetmə bacarıqları olan kadrlara ehtiyacımız var. Mədəniyyətin bütün sahələrində işin effektivliyi birinci şərtdir. Bizim üçün kəmiyyətdən vacib keyfiyyətdir. Yəni bunu belə ümumiləşdirə bilərik: layihə yönlü fəaliyyət. Bu, qarşıya qoyulan məqsədlərə çatmaq üçün müasir dövrdə ən çox istifadə olunan metodologiyadır. Üstünlüyü ondan ibarətdir ki, hər bir layihənin konkret məqsədləri var və məhdud resurslarla həyata keçirilir. Eyni zamanda layihə yanaşması kadr potensialının gücləndirilməsi üçün də əhəmiyyətlidir. Əməkdaşlar artıq layihə alətləri ilə işləyərək layihə meneceri kimi təkmilləşəcəklər. Bu da, təbii ki, bizim strategiyamızın əsas məqsədlərindən biri olan insan kapitalının inkişafı baxımından çox vacibdir. Həm də əsas məqsəd fəaliyyətimizdə şəffaflığa nail olmaqdır. 

Mədəniyyət işçiləri bəzi hallarda əməkhaqlarının azlığından şikayət edirlər. Bununla bağlı qarşıdakı zamanlarda hansı dəyişiklik və ya artım ola bilər?

 - Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması, təbliği, ölkəmizdə mədəniyyətin müxtəlif  sahələrinin inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Mədəniyyətimizə yüksək həssas münasibət, onun bütün sahələrinin inkişafı üçün davamlı qayğı müasir Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin mədəniyyətə qayğıkeş münasibətini bu gün dövlət başçısı və Birinci vitse-prezidentin fəaliyyətində də görürük. Bu gün ölkəmizdə mədəni quruculuq özünün ən yüksək zirvəsinə çatıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyində Azərbaycan Ordusunun düşməndən azad etdiyi əzəli yurd yerimiz Qarabağ və Şərqi Zəngəzurda sosial infrastrukturla yanaşı, mədəni quruculuq işləri də aparılır. 30 ilə yaxın işğal altında qalmış Ermənistan tərəfindən yerlə yeksan edilmiş çoxəsrlik mədəni mirasımızın bərpası istiqamətində ardıcıl işlər həyata keçirilir. 

Bütün bu irimiqyaslı, böyük maliyyə tələb edən işlərlə bərabər, mədəniyyət müəssislərinin maddi-texniki bazası möhkəmləndirilir, bu sahədə çalışan insanların sosial rifahı yaxşılaşdırılır, mədəniyyətimizin inkişafına töhfə verən şəxslər təqaüd, fəxri ad, orden, medal və digər təltiflərə layiq görülürlər. Biz xüsusilə Prezident İlham Əliyevin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 17 dekabr 2021-ci il tarixli sərəncamını qeyd etmək istəyirik. Bu sərəncam bir sıra təşkilatlarla yanaşı, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan qurumları da əhatə edir. Nazirliyin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və Quba şəhərindəki Soyqırımı Memorial Kompleksinin də rəhbər və digər işçilərinin aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20 faiz artırıldı. 

Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.