Özbəkistan, Türkiyə və Azərbaycan XİN rəhbərləri görüşəcək

01.08.2022,10:55


1 avqust, Fineko/abc.az. Sabah Daşkənddə ilk dəfə olaraq Özbəkistan, Türkiyə və Azərbaycanın Xarici İşlər, Ticarət və Nəqliyyat nazirliklərinin rəhbərləri arasında üçtərəfli danışıqlar keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov xəbər verib.

“Bu, tamamilə yeni mexanizmdir.  Danışıqların gündəliyinə regionlararası əməkdaşlığın gələcək inkişafı, investisiya, innovasiya, nəqliyyat, kommunikasiya sahələrində əməkdaşlığın perspektivləri daxildir”- deyə Əsədov bildirib.

Türkiyə və Azərbaycanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Ceyhun Bayramovun Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul ediləcəyi də gözlənilir.