ETX kiberhücumlarla bağlı xəbərdarlıq yayıb

17:15 - 9.08.2022


9 avqust, Fineko/abc.az. Son günlər ölkəmizə qarşı başladılmış kiberhücum kampaniyası çərçivəsində Azərbaycana məxsus müxtəlif internet informasiya ehtiyatlarına məqsədyönlü hücumlar həyata keçirilir.

ABC.AZ xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada bildirilir.

Qurum bəyan edib ki, DDoS tipli bu hücumlar nəticəsində bəzi taksi xidmətləri və banklara, kütləvi informasiya vasitələrinə və digər müxtəlif xidmət sahələrinə məxsus bir sıra internet informasiya ehtiyatlarının fəaliyyətində qısa müddətli fasilələr yaranıb.

İnternet informasiya ehtiyatlarının sahibləri potensial kiberhücumlarla əlaqədar öncədən məlumatlandırılıb və onlara müvafiq dəstək göstərilib. Hazırda hücumların qarşısının alınması və təsirlərin minimallaşdırılması istiqamətində səlahiyyətli qurumlarla birgə tədbirlər görülür.

Hər hansı kiberhücum halları ilə qarşılaşdıqda “1654” qaynar xətti, www.cert.az internet informasiya ehtiyatı və [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək xahiş olunur.

Bütün xəbərlər