IGB interkonnektorunun istismara verilməsinin ləngiməsinin səbəbləri açıqlanıb

11.08.2022,10:32


11 avqust, Fineko/abc.az. “Şahdəniz” yatağından Azərbaycan təbii qazını Bolqarıstana çatdırılmalı olan Yunanıstan-Bolqarıstan (IGB) interkonnektorunun istismara verilməsində müəyyən gecikmə texniki xarakter daşıyır və sənədlərdəki uyğunsuzluqla əlaqədardır”.

ABC.AZ bu barədəd “Report”a istinadla xəbər verir ki,  Yunanıstan-Bolqarıstan interkonnektorunun layihə şirkəti - ICGB-dən məlumat verilib.

“Bolqarıstanın Ticarət Reyestri ICGB şirkətinin idarəçiliyindəki dəyişiklikləri qeydə almaqdan imtina edib. Buna səbəb Ticarət Reyestrinin şirkətin Yunanıstandan olan İdarə Heyətinin üzvlərindən birini identifikasiya edə bilməməsi olub. Belə ki, onun adı yunan, bolqar və ingilis dilində fərqli yazılıb. Bu uyğunsuzluğu düzəltmək üçün ICGB onun eyni şəxs olduğunu təsdiqləyən bütün lazımi sənədləri təqdim edib”, - ICGB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Bolqarıstan Ticarət Reyestrində qeydiyyat Bolqarıstan və Yunanıstanın milli tənzimləyiciləri (EWRC və RAE) tərəfindən sertifikatlaşdırma tələblərini yerinə yetirmək, həmçinin Avropa Komissiyasının təsdiqi üçün çox vacib elementdir: “Sertifikatlaşdırma, öz növbəsində, Yunanıstan-Bolqarıstan interkonnektorunun kommersiya istismarına başlanılması üçün lazımdır”.

Operatordan bildiriblər ki, şirkət payız-qış istilik mövsümü başlamamışdan qabaq interkonnektorun kommersiya məqsədli istifadəyə verilməsinə nail olmağa çalışır: “ICGB kommersiya fəaliyyətinə başlamaq, bütün şərtlərin mümkün qədər tez yerinə yetirilməsini təmin etmək üçün podratçı şirkətlərlə və iki ölkənin bütün müvafiq qurumları ilə sıx əməkdaşlıq edir”.

Bundan başqa, ICGB-dən məlumat veriblər ki, adı çəkilən interkonnektor Bolqarıstanın təbii qaza olan tələbatını demək olar ki, tamamilə ödəyə bilər: “IGB istismara verilməsinin son mərhələsindədir və bu, ən prioritet layihələrdən biridir. IGB-nin milli və beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb etməsini, regiondakı mövcud vəziyyəti nəzərə alaraq ICGB qəti şəkildə inanır ki, bütün maraqlı tərəflər bu layihəni əsas prioritet kimi qəbul edirlər. Layihə operatoru bütün təşkilati və inzibati tələblərə cavab verir və həm Bolqarıstan, həm də Yunanıstanın dövlət qurumları ilə əməkdaşlıq edir”.