Azərbaycanın xarici dövlət borcu azalıb

14:04 - 15.08.2022


15 avqust, Fineko/abc.az. Dövlət büdcəsində 2022-ci il üçün daxili dövlət borclanmasının yuxarı həddi 1100 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi 600 milyon manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 800 milyon manat müəyyən edilib.

Bu barədə ABC.AZ Hesablama Palatasının 2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumatına əsasən xəbər verir.

İyulun 1-nə ümumi dövlət borcu ÜDM-in 14,7 faizini, o cümlədən xarici dövlət borcu ÜDM-in 11,7 faizini, daxili dövlət borcu isə ÜDM-in 3 faizini təşkil edib.

Ümumi dövlət borcunun artımı daxili borclanmanın artımı hesabına olub, xarici dövlət borcunun məbləği azalıb, daxili dövlət zəmanətləri üzrə şərti öhdəliklər artıb.

Altı ayda birbaşa xarici dövlət borcu 384,7 milyon manat azalıb, birbaşa daxili dövlət borcu 282,6 milyon manat artıb. Ümumi şərti öhdəliklər 131,5 milyon manat artıb, nəticədə ümumi dövlət borcunda 29,4 milyon manat artım qeydə alınıb. Dövrün əvvəli ilə müqayisədə daxili zəmanətlər üzrə şərti öhdəliklər 177,5 milyon manat (31,6 faiz) artıb.

Bütün xəbərlər