Azərbaycan XİN Ermənistanı məsuliyyətli olmağa çağırdı

10:13 - 13.09.2022


13 sentyabr, Fineko/abc.az. Azərbaycan Xarici İşlər Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı ilə bağlı bəyanat yayıb.

ABC.AZ xəbər verir ki, XİN-in bəyanatda deyilir:

“12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alınıb və Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb. Habelə, Ermənistan tərəfindən guya Azərbaycan ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatları həqiqəti əks etdirmir və Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınacaqdır”.

Bütün xəbərlər