Türkiyə Rusiyadan aldığı qazın 25 faizini rublla ödəyəcək

19.09.2022,12:19


19 sentyabr, Fineko/abc.az. Türkiyə Rusiyadan aldığı təbii qazın 25 faizini rublla ödəyəcək.

ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu qardaş ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

"Müvafiq saziş yaxın vaxtlarda qüvvəyə minəcək. Türkiyənin Rusiyadan qazı rublla alması xərcləri və dollardan asılılığı azaldacaq", - deyə nazir bildirib.

F.Dönməz həmçinin "Akkuyu" atom elektrik stansiyasının tikintisi ilə bağlı işləri sürətləndirmək planlarını açıqlayıb.

"Akkuyu" atom elektrik stansiyası ilə bağlı razılıq əldə olunub. Prezidentimiz, eləcə də nazirliyimiz tərəflərin konsensusa gəlməsi, yaranmış çətinliklərin aradan qaldırılması üçün çox səylər göstərib. Bir müddət sonra işlər sürətləndirilmiş templə davam edəcək", - deyə nazir əlavə edib.