"OBA" marketdən 150 manat şokalad oğurlayanın məhkəməsi keçirildi

21.09.2022,11:41


21 sentyabr, Fineko/abc.az. Bakı şəhəri, Nizami rayonunda yerləşən OBA marketdən 150 manat dəyərində şokolad oğurlayan şəxslə bağlı məhkəmə qərarı verilib.

ABC.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, məhkəmə prosesinə "Bakı Metropoliteni" QSC-nin keçmiş rəisi Tağı Əhmədovun oğlu, Nizami rayon Məhkəməsinin hakimi Rauf Əhmədov sədrlik edib. Prosesdə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru bildirib ki, 1988-ci ildə Cəbrayıl şəhərində anadan olmuş Fərid Hüseynov (ad şərtidir) 2022-ci ildə OBA marketdən 150 manat dəyərində şokolad oğurlayıb. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədıb. Polis əməkdaşı təqsirləndirilən şəxs barəsində inzibati tənbeh tədbirinin tərtbiq edilməsini xahiş edib. OBA marketin müdiri izahatında təsdiq edib ki, ticarət obyektindən 150 manat dəyərində şokolad oğurlanıb.

Təqsirləndirilən şəxs Fərid Hüseynov isə izahatında qeyd edib ki, bu əməli maddi imkanı pis olduğuna görə törədib və buna görə peşmandır. O, zərərçəkmişə dəymiş 150 manat məbləğində maddi ziyanı birdəfəyə ödəyə bilmədiyini, ödəniş üçün müəyyən vaxt verilməsini və barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib.