Ağbənd-İran avtomobil yolunun təməli qoyuldu

14:48 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az. Sentyabrın 21-də Baş nazirin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin iştirakı ilə (onlayn) Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.

ABC.AZ-ın məlumatına görə, layihə Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılmasına, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaq.

Təməlqoyma mərasimində Prezident İlham Əliyevin və İranın Prezidenti Seyid İbrahim Rəisinin səyləri sayəsində Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğu və iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində də əməkdaşlıq geniş potensiala əsaslanaraq bir çox istiqamətlərdə sürətlə inkişaf edir.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında geniş bərpa və quruculuq işləri həyata keçirilir. Bu işlərin tərkib hissəsi kimi Horadiz-Ağbənd avtomobil yolu layihəsi 59 faiz, Horadiz-Ağbənd dəmir yolu layihəsi isə 38 faiz icra olunub.

 

Bütün xəbərlər