Azərbaycanda devalvasiya gözlənilir?

14:19 - 22.09.2022


22 sentyabr, Fineko/abc.az. ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz artırıb.

Sözügedən bank yenidən maliyyələşmə dərəcəsini 3-3,25%-ə qaldırılıb. Bu isə son bir neçə ildə qeydə alınan rekord göstəricidir.

Çünki dolların bahalaşması funt sterlinq və avro kimi xarici valyutaların 20 illik minimumunu yeniləyib.

Baş verən iqtisadi prosesdən avro və sterlinqin ziyan çəkməsi insanı milli valyutamız olan manatın aqibəti barədə düşünməyə vadar edir.

Yaşananlara münasibət bildirən yerli ekspertlər, narahatlığa heç bir əsas olmadığını, dolların bahalaşmasının manatın məzənnəsinə təsir etməyəcəyini bildiriblər.

ABC.AZ xəbər verir ki, bu barədə BAKU.WS açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov Azərbaycanın neft ölkəsi olması, dünya bazarlarında isə neftin qiymətinin yüksək olması səbəbindən baş verənlərin milli valyutamızdan təsirsiz ötüşəcəyini vurğulayıb:

"Azərbaycan manatı faktiki olaraq ABŞ dollarına münasibətdə kilitlənmiş məzənnə siyasəti həyata keçirir. Bu gün manatın məzənnəsi dollara münasibətdə formalaşır. Digər valyutalar isə çarpaz formada hesablanır. İndiki halda manatın dollara məzənnəsində heç bir dəyişiklik baş verməyəcək. Çünki bu uçot dərəcəsindən çox dünya bazarında neftin qiymətinin, ölkənin təbiyyə balansı kimi göstəricilərillərlə daha çox əlaqəlidir. Buna görə də yanaşma dəyişməyəcək. Sabit siyasət qaldığı yerdən davam edəcək. Əvəzində isə manat xarici valyutalara, yəni avro, türk lirəsi, rubl və funtsterlinq qarşısında möhkəmlənəcək".

 

Bütün xəbərlər