İş adamı Əşrəf Kamilova qarşı məhkəmə iddiası qaldırıldı

14:25 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tanınmış iş adamı Kamilov Əşrəf Kamil oğluna qarşı məhkəmə iddiası qaldırıb.

ABC.AZ Yeniavaz-a istinadən xəbər verir ki, Bakı Kommersiya Məhkəməsində 03.10.2022-ci il tarixində baxılacaq məhkəmə işinə hakim Leyla Əliyeva sədrlik edəcək.

Məhkəmə iddiası vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır.

Məlumat üçün bildirək ki, Əşrəf Kamilov vaxtı ilə ölkənin ən böyük şirkətlərindən biri olmuş “AtaHolding” MMC-nin (VÖEN-1400096711) Müşahidə Şurasının sədr müavini və qanuni təmsilçisdir.

Nizamnamə kapitalı 40 milyon manatdan çox olan “AtaHolding”in tərkibində onlarla şirkət fəaliyyət göstərib.

Hazırda ləğv prosesində olan “AtaBank” ASC də (VÖEN-9900006651) “Ataholding”ə məxsus olub. Əşrəf Kamilov eyni zamanda “AtaBank”ın Müşahidə Şurasının sədri və bank səhmlərinin 16%-nə sahib olub.

Qeyd edək ki, hazırda “AtaHolding” MMC-nin dövlət büdcəsinə 1 milyon 15 min 68 manat 92 qəpik vergi borcu var.

Bütün xəbərlər