Bakıda Baş Planın yenilənməsi mövzusu yenidən aktuallaşdı

11:34 - 4.06.2018


4 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Böyük Bakının Regional İnkişaf Planı”nın hazırlanmasına dair planlarını bəyan etdi.

Komitənin məlumatında deyilir ki, plan hazırlanıb Nazirlər Kabinetinə təqdim olunsa da, hələ ki təsdiqlənməyib.

“Baş Planın əsas şəhərsalma sənədi olduğunu və paytaxtın sistemli və davamlı inkişafı üçün strateji əhəmiyyət daşıdığını nəzərə alaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi başlanılmış işlərin sona çatdırılmasına xüsusi önəm verir”, - deyə məlumatda bildirilir.

Məlumatda deyilir ki, komitə ətraflı araşdırma və qiymətləndirmə aparacaq, bundan sonra Baş Planın hazırlanması üzrə işlər davam etdiriləcəkdir.

Komitə, sənədin şəhərsalma qanunvericiliyinin tələblərinə tam cavab verməsi və aparıcı dünya təcrübəsinə uyğunluğunu təmin ediləcək. Bu prosesə yerli mütəxəssislərlə yanaşı nüfuzlu beynəlxalq ekspertlərin də cəlb olunması planlaşdırılır. Bakı şəhərinin Baş Planının hazırlanması üzrə işlər başa çatdırıldıqdan sonra sənəd, təsdiq edilməsi üçün müvafiq qurumlara və Nazirlər Kabinetinə təqdim olunacaq.

 

Bütün xəbərlər