"Azərsun"un 2 şirkətinə sanksiya tətbiq edildi

15:59 - 29.09.2022


29 sentyabr, Fineko/abc.az. “Azərbaycan Gön-Dəri İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciəti əsasında “Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “Sun Food” MMC tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılıb. 

Dövlət Xidmətindən ABC.AZ-a daxil olmuş məlumatda bildirilir ki, “Azərbaycan Duz İstehsalat Birliyi” QSC tərəfindən istehsal edilən və “Sun Food” MMC tərəfindən daxili bazarda satılan duz məhsullarının qiymətlərində müşahidə olunan dəyişikliklər Dövlət Xidməti tərəfindən təhlil edilib. Təhlil nəticələrinə əsasən, duz məhsullarının topdan satışını qanunvericiliyin tələblərini pozmaqla həyata keçirdiyi üçün “Azərbaycan Duz İstehsalat Birliyi” QSC-yə qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi 690 min 473 manat məbləğində, Sun Food” MMC-yə isə 567 min 974 manat məbləğində mənfəətin dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilib.

 “Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “Sun Food” MMC-yə duz məhsullarının topdan satışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi barədə göstəriş verilib.

Bütün xəbərlər