Mərkəzi Bank nağd xarici valyuta ilə mübadilə əməliyyatlarını açıqlayıb

12:01 - 30.09.2022


30 sentyabr, Fineko/abc.az. Mərkəzi Bank nağd xarici valyuta ilə mübadilə əməliyyatları üzrə məlumatları açıqlayıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin 8 ayı ərzində (yanvar-avqust) banklar ABŞ dolları valyutası üzrə 1 milyard 329 milyon 126 min dollarlıq nağd alış, 1 milyard 615 milyon 486 min dollarlıq nağd satış əməliyyatları aparıb.

Bu o deməkdir ki, əhalinin banklardan ABŞ valyutası üzrə alışı banklara satışını 286 milyon 360 min dollar üstələyib. 2022-ci ilin aprel, may, iyun və avqust aylarında bankların ABŞ dolları valyutası üzrə nağd alış əməliyyatları nağd satış əməliyyatlarını üstələyib. Qısası, həmin aylarda əhali banklara daha çox dollar satıb.

Yanvar, fevral, mart və iyul aylarında isə bankların ABŞ dolları üzrə nağd satış əməliyyatlarının həcmi nağd alış əməliyyatlarının həcmini  üstələyib. Yəni, bu aylarda əhali daha çox dollar alıb. 

Qeyd edək ki, 2021-ci ildə banklar nağd şəkildə 1 milyard 353 milyon 123 min dollar almış, 2 milyard 95 milyon 909 min dollar satmışdır. 

Bütün xəbərlər