Bu mallar geri qaytarılır – Sahibkarlara xəbərdarlıq

10:18 - 6.10.2022


6 oktyabr, Fineko/abc.az. Həyata keçirilən maarifləndirici tədbirlərə, xəbərdarlıqlara və inzibati məsuliyyətə cəlbetmə ilə bağlı görülən işlərə baxmayaraq, təəssüf ki, nəzarət tədbirləri zamanı hələ də qida məhsullarının üzərindəki etiket məlumatları və adların Azərbaycan dilinə tərcüməsi ilə bağlı bəzi sahibkarlıq subyektləri tərəfindən ciddi qayda pozuntularına yol verildiyi aşkar olunmaqdadır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a verilən məlumata görə, bu da öz növbəsində “Yeyinti məhsulları haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini pozmaqla yanaşı, istehlakçıların məhsul haqqında dolğun məlumat ala bilməməsinə səbəb olur.

Həmin məhsulların saxlanılması və ya istifadəsi ilə bağlı qaydalara əməl olunmaması isə insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Odur ki, AQTA bir daha qida məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək, onları sözügedən qanunların tələblərinə ciddi şəkildə riayət etməyə çağırır və bildirilir ki, üzərindəki etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qida məhsullarının ölkə ərazisinə buraxılmaması və idxalçı ölkəyə geri qaytarılmasının tətbiqinə başlanılıb.

 

Bütün xəbərlər