330x110
 

Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin final mərhələsinə 12 ifaçı vəsiqə qazanıb

06.06.2018,15:17


6 iyun, Fineko/abc.az.  2018-ci ilin 4 iyun tarixində Bakı şəhərində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinə start verilmişdir. 

Müsabiqə iştirakçılarını münsiflər heyətinin sədri, Rusiya Federasiyasının Xalq artisti, professor Sergey Leyferkus, Azərbaycandan SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artistləri, professorlar Siyavuş Kərimi, Murad Adıgözəlzadə, Gürcüstanın Xalq artisti, professor Teymuraz Ququşvili, Ukraynadan SSRİ Xalq artisti, professor Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, Əməkdar incəsənət xadimi Dmitri Vdovin kimi musiqi mədəniyyətinin görkəmli nümayəndələri qiymətləndirirlər.

Müsabiqənin ilk turunda Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan, Gürcüstandan 58 nəfər gənc istedadlı vokalçı iştirak etmişlər. II turda iştirak edən 26 nəfər arasından yalnız 12 nəfər finala vəsiqə qazanmışdır. Onlar arasında Azərbaycandan Əməkdar artist Elnarə Məmmədova, və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının III kurs tələbəsi Mahir Tağızadə iyun ayının 7-də saat 18.00-da Xalq artisti Rauf Abdullayevin rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə müsabiqənin final mərhələsində çıxış edəcəklər. Eyni zamanda Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək final mərhələsində Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistandan olan vokalçılar da iştirak edəcəklər.

SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi iyunun 8-də Heydər Əliyev Sarayında, iyunun 9-da isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.