Hər şeyi razılaşdırmaq alınmadı - Putin Əliyev və Paşinyanla görüşdən danışıb

11:09 - 1.11.2022


1 noyabr, Fineko/abc.az. "Bu gün biz birgə Bəyanatı razılaşdırdıq. Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq".

ABC.AZ xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra deyib.

"Bununla belə, mən ümumi rəylə razıyam ki, görüş faydalı oldu və bu, bütövlükdə vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaradır. Özü də mən bütövlükdə deyəndə həm yaxın keçmişə aid cari hadisələri, həm də iki il bundan əvvəl baş vermiş hadisələri nəzərdə tuturam. Hər halda o vaxt biz prinsipial məsələlər barədə razılığa gəlməyə nail olduq. Bugünkü diskussiya onu göstərir ki, biz bütün ölkələrimizin gələcəyi barədə də razılığa gələ bilərik. Mən bizim bütün ölkələr dedikdə həm Rusiyanı, həm Azərbaycanı, həm Ermənistanı, həm də bütün region ölkələrini nəzərdə tuturam. Ona görə ki, bu ərazidə yaşayan bütün xalqlar münasibətlərin normallaşmasında maraqlıdırlar. Rusiya öz tərəfindən, qəti və hərtərəfli nizamlamaya nail olmaq üçün nə mümkündürsə edəcək", - deyə Putin qeyd edib. 

Bütün xəbərlər