Azərbaycanda köhnə avtomobillər utilizasiya ediləcək – Detallar

23.11.2022,11:20


23 noyabr, Fineko/abc.az. Azərbaycanda avtomobil parkı yenilənəcək, istismar müddətini başa vuran avtomobillər isə utilizasiyaya göndəriləcək. Bunun əvəzində  vətəndaşlara yeni avtomobillər almaları üçün şərait yaradılacaq.

ABC.AZ “baku.ws”ə istinadən xəbər verir ki, ölkədə köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb.

Layihə nəticəsində yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən köhnə nəqliyyat vasitələri utilizasiya ediləcək, yollarda şütüyən köhnə avtomobillər isə mərhələli şəkildə yeniləri ilə əvəzlənəcək. Bildirilir ki, istismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək.

Bu layihənin həyata keçirilməsi zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri köhnə avtomobillərin hansı qaydada utilizasiyaya göndəriləcəyi, hansı şərtlərlə yeni avtomobilləri ala biləcəyidir. Məsələnin aktuallığını nəzərə alaraq İqtisadiyyat Nazirliyinə sorğu göndərib.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, "Nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi" istiqamətində işlər davam etdirilir:

"Proqram çərçivəsində nəqliyyat vasitələrinin utilizasiyasının tam könüllülük əsasında həyata keçirilməsi, o cümlədən bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlər nəzərdə tutulur.

Belə ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edəcək. Bundan başqa, təsdiqedici sənəd əsasında müəyyən məbləğin birdəfəlik ödəniş kimi alınması imkanı da nəzərdə tutulmuşdur.

Layihə hazırda dövlət qurumları ilə razılaşdırma mərhələsində olduğundan layihənin detalları barədə ətraflı məlumat aidiyyəti normativ sənədlər təsdiq edildikdən sonra veriləcək".