“SOCAR Türkiyə” ilə “Türkcell” enerji sektorunda ilkə imza atır - Yenilik

11:58 - 23.11.2022


23 noyabr, Fineko/abc.az. “SOCAR Türkiyə” və Türkiyənin “Türkcell” mobil operatoru enerji sektorunda yeni zəmin yaradaraq mühüm əməkdaşlığa imza atıb.

Belə ki, Türkiyənin İzmir vilayətinin Aliağa yarımadası üçün xüsusi olaraq hazırlanan layihə çərçivəsində “Türkcell” tərəfindən “SOCAR Türkiyə”yə xas mobil rabitə şəbəkəsi yaradılacaq.

ABC.AZ xəbər verir ki, bununla bağlı noyabrın 22-də SOCAR Türkiyənin Rəqəmsal Tranformasiya və İnformasiya Texnologiyaları üzrə rəhbəri Hakan İrgit və “Türkcell”in korporativ satış üzrə icraçı Vitse-prezidenti Ceyhun Özata birgə mətbuat konfransı keçiriblər.

Tədbirdə bildirilib ki, SOCAR Türkiyənin informasiya texnologiyaları baxışı “Türkcell”in güclü və unikal texnoloji infrastrukturu ilə bir araya gələrək səmərəli, çevik, miqyaslana bilən və ən son texnologiyalara hazır bir infrastruktur təmin edəcək. Əməkdaşlıq çərçivəsində “Türkcell” yalnız “SOCAR Türkiyə”nin informasiya texnologiyaları infrastrukturu üçün baza stansiyaları quraraq Aliağa yarımadasında xüsusi LTE şəbəkəsi yaradacaq. “SOCAR Türkiyə”nin Aliağa yarımadasındakı “STAR” neft emalı zavodu və “Petkim” kimi mühüm şirkətlərinin olduğu bölgə Türkiyənin ilk “Xüsusi Sənaye Bölgəsi” adı ilə də diqqət çəkir. Qeyd edək ki, “Türkcell” texnologiyası ilə “SOCAR Türkiyə” və Aliağa 5G-yə hazırlanır.

 

Bütün xəbərlər