Azərbaycan şirkəti ABŞ-dan 16 təyyarə mühərriki alır

16:15 - 23.11.2022


23 noyabr, Fineko/abc.az. “Silk Way West Airlines” yeni sifariş olunmuş uzaq məsafəli “Boeing” təyyarələrini gücləndirmək məqsədilə “GE Aerospace” ilə ümumi sayı on altı olan “GE9X” və “GE90” mühərriklərinin alışı üçün müqavilə imzalayıb.

ABC.AZ xəbər verir ki, “Silk Way West Airlines”dən bildirilib ki, dünyanın ən güclü modelləri olan yeni mühərriklər yanacaq sərfiyyatını azaltmaqla Azərbaycan yük aviaşirkətinin dayanıqlılıq məqsədlərinə töhfə verəcək.

Şirkət bu yaxınlarda “GE9X” mühərrikləri ilə təchiz ediləcək iki “Boeing 777-8F” təyyarəsi aldığını elan edib, həmçinin 2021-ci ilin aprelində sifariş edilən beş “Boeing 777F” təyyarəsi üçün əlavə “GE90” mühərrikləri alacaq. Bu sifariş ümumilikdə beş “GE9X” və on bir “GE90” mühərrikindən ibarətdir və daha sonra aviadaşıyıcının yük parkının modernləşdirilməsinə töhfə verəcək.

“Boeing” ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir “777-8F” yük təyyarəsinin alınması üçün 2022-ci il noyabrın 10-da müqaviləyə imza atıb. Həmçinin bu il iyun 28-də “Airbus” ilə iki “A350F” yük təyyarəsinin alınması barədə razılığa gəlib. Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

“GE Aerospace” qlobal xidmət şəbəkəsinə malik kommersiya və hərbi təyyarələr üçün reaktiv mühərriklər, komponentlər və sistemlər üzrə dünyanın aparıcı təchizatçısıdır. “GE Aerospace” və onun birgə müəssisələri 39 mindən çox kommersiya və 26 mindən çox hərbi təyyarə mühərriki bazasına malikdir və bu biznes aviasiyanın gələcəyinin formalaşmasında mühüm rol oynayır.

Bütün xəbərlər