Dövlət Agentliyi "Ultra" şirkətinə niyə 3 milyon manat ödəyib?

10:13 - 24.11.2022


24 noyabr, Fineko/abc.az. "Son zamanlar beynəlxalq hesabatlarda geriləməyimizi nəzərə alaraq düşündüm ki, bəlkə hökumət İT və innovasiyalar üçün pul ayırmır. Baxıram ki, dövlət qurumları müxtəlif İKT işlərinin görülməsi üçün hərəsi öz çəkisinə uyğun yetərincə büdcə vəsaitləri xərcləyirlər”.

ABC.AZ xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Facebook” hesabında yazıb. Ekspert qeyd edib ki, portalda oktyabr, sentyabr aylarının İT xərclərini hesablayıb və maraqlı nəticə əldə edib:

"Son iki ayda, yalnız e–Satınalma portalı ilə açıqlanan məlumatlardan belə qənaətə gəlmək olur ki, hökumət İKT üçün 20 milyon manatdan çox vəsait xərcləyib. Nəzərə alaq ki, İT xərclərin çox hissəsi də tenderdən kənar olur. Portaldan görünür ki, xərclərin bir çoxu da lisenziya və support məsələsidir, server avadanlıqlarının alınmasıdır”.

O. Gündüz misal kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu tip işlərin görülməsi üçün ULTRA şirkətinə ötən ay 3 milyon manat ödədiyini xatırladıb:

"Portaldan görsənir ki, İqtisadiyyat Nazirliyi və digər qurumların da bu tip xərcləri olub. Hansı ki, Prezidentin fərmanı, hökumətin qərarı ilə optimallaşma olmalıydı. Dövlət bu tip işlər üçün vahid bir Hökumət Buludu formalaşdırıb. Hər bir dövlət qurumu server işlərinə, data mərkəz işlərinə nöqtə qoymalı və Hökumət Buluduna keçməliydi. Amma göründüyü kimi, xərclərə nəinki qənaət edilib, nəinki optimallaşma olub, əksinə dövlətin bu tip xərcləri daha da artıb”.

Bütün xəbərlər