132-134 nömrəli təhsil kompleksində “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr keçirilib.

18:28 - 9.06.2018


9 iyun, Fineko/abc.az. İyunun 9-da 132-134 nömrəli təhsil kompleksində  “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr keçirilib.

Mühazirələrdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin nümayəndələri, məktəb rəhbərləri, tanınmış təhsil işçiləri iştirak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov pedaqoji mühazirələri dinləyib, bu mühazirələrdə çıxış edən müəllimlərə öz tövsiyələrini verib. Nazir müavini pedaqoji mühazirələrin müəllimlərin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını bildirib, müəllimlərin iş təcrübələrinin digər həmkarları arasında yayılmasının faydalı olacağını vurğulayıb.

Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Pedaqoji mühazirələr 2 mərhələdə-rayon (şəhər) və ölkə mərhələləri üzrə təşkil olunmuşdur. Rayon (şəhər) mərhələsinin qaliblərinin mühazirələri respublika mərhələsinə təqdim olunub. Respublika mərhələsində proqrama 14 bölmə üzrə 114 pedaqoji mühazirə daxil edilib. Pedaqoji mühazirələr hər bir böimə üzrə bölmə rəhbərləri və üzvlər tərəfindən dinlənilib və 10 ballıq sistemlə  qiymətləndirilib.

Pedaqoji mühazirələrin yazılmasında ümumi təhsil sistemində çalışan işçilər-müəllimlər, məktəb rəhbərləri, metodistlər, məsləhətçilər, psixoloqlar iştirak ediblər.

Bütün xəbərlər