Mərkəzi Bank Azərbaycanda ilk dəfə Qiymətli Kağızların Emissiyası Sistemini yaradıb

14:06 - 2.12.2022


2 dekabr, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafına dair strateji planda, həmçinin “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin icrası çərçivəsində Qiymətli Kağızların Emissiyası Sistemi yaradılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankı məlumat yayıb.

Sistem vasitəsilə investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatına alınması və yerləşdirilməsi ilə bağlı Mərkəzi Bank, Milli Depozit Mərkəzi və Bakı Fond Birjası tərəfindən emitentlərə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsinə başlanılmışdır. Bu sistemin yaradılmasında əsas məqsəd kapital bazarı üzrə elektron xidmətlərin tətbiqini genişləndirməklə bazarda çevik maliyyələşmə imkanlarının yaradılması və bazara çıxış imkanlarının rəqəmsal kanallar vasitəsilə daha əlçatan edilməsidir.

Sistem investisiya qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması, emissiya prospektlərinin və informasiya memorandumlarının təsdiqi, səhmlərin birləşdirilməsi, xırdalanması və nominal dəyərinin artırılması və ya azaldılması zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, hüquqi şəxslərin yenidən təşkili zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması, emissiyanın yekunları haqqında hesabatın təsdiqi, investisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı ilə bağlı dövlət qeydiyyatının aparılması və emissiya prospektində və buraxılışla bağlı qərara əlavə və dəyişikliklərin edilməsinin dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.

Bütün xəbərlər