ANAMA-da pozuntular aşkarlanıb, yüz minlərlə manat büdcəyə qaytarılıb

15:33 - 7.12.2022


7 dekabr, Fineko/abc.az. Hesablama Palatası Minatəmizləmə Agentliyi üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, Hesablama Palatasının 2022-ci ilin İş planına uyğun olaraq həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” (ANAMA) publik hüquqi şəxsin 01.01.2021-ci il tarixindən 01.07.2022-ci il tarixinədək olan hesabat dövrlərindəki fəaliyyəti əhatə olunub.

2021-ci il üçün müqavilə məbləğinin tam həcmdə maliyyələşdirildiyi halda dövlət sifarişi 88,5% səviyyəsində yerinə yetirilib ki, bu da minatəmizləmə işləri üçün əlavə iddiaçı hüquqi şəxslərin müəyyənləşdirilməsi və sifarişlərin ötürülməsi ilə bağlı müqavilələrin rəsmiləşdirilməsi prosesinin ilin sonunda tamamlanması və nəticə etibarı ilə ANAMA vasitəsilə kənar hüquqi şəxslər üzrə sifarişlərin icra olunmaması səbəbindən baş verib.

Bir neçə halda dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının tələbləri (prosedur xarakterli) gözlənilmədən 3 297,8 min manat məbləğində vəsaitin xərclənməsi, dövlət satınalmaları çərçivəsində ehtimal olunan qiymətlərin optimal qaydada müəyyənləşdirilməməsi, eləcə də eyni adlı malların alışı üzrə ayrı-ayrı müqavilələrdə fərqli qiymətlərin tətbiq olunması vəsaitlərə qənaət olunmamasını səciyyələndirib.

Hüquqi aktların tələblərinə əməl edilməyərək ümumilikdə 504,5 min manat məbləğində vergilərin dövlət büdcəsinə hesablanması və ödənilməsi təmin edilməyib, eyni zamanda müvafiq hesabatlarda əvəzsiz əsaslarla əldə olunmuş 1 916,9 min manat məbləğində aktivlərin dəyərinin gəlirlərə aid edilməməsinə, əsaslı xərclər üzrə 36 736,4 min manat və ərazilərin minalardan və hərbi sursatlardan təmizlənməsi sifarişi verilmiş dörd rezident hüquqi şəxsə avans kimi 29 534,9 min manat məbləğində ödənişlərin gəlirdən çıxılan xərclərin tərkibinə daxil edilməsinə yol verilib.

Bütün xəbərlər