Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi və Caspian European Club əməkdaşlığı genişləndirir

16:01 - 11.06.2018


İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə Klubun idarə heyətinin üzvlərini qəbul edib.

Görüş zamanı birgə əməkdaşlıq imkanları, Caspian European Club-un fəaliyyəti, həmçinin kiçik və orta biznesin inkişafı üzrə birgə planlar müzakirə olunub. Orxan Məmmədov Agentlik tərəfindən həyata keçirilməsi planlaşdırılan yeni strategiyanın həm maddi, həm də təşkilati baxımdan kiçik və orta biznes nümayəndələrinin mövqeyinin möhkəmlənməsinə imkan yaradacağından əminliyini ifadə edib.

Görüş çərçivəsində kiçik və orta biznesi təmsil edən şirkətlərin problem, sual və təkliflərinin daha operativ müzakirəsi üçün birgə işçi qrupunun yaradılması qərara alınıb.

Orxan Məmmədov bildirib ki, Agentlik tərəfindən xüsusi treninqlərin təşkili planlaşdırılır. Həmin treninqlər kiçik və orta biznes nümayəndələrini qanunvericilikdəki dəyişikliklər, dövlətin dəstək tədbirləri barədə məlumatlandıracaq, onların səmərəli fəaliyyəti üçün bilik və bacarıqlarının artırılmasına yönələcəkdir.

Telman Əliyev Caspian European Club ilə əməkdaşlığa və göstərilən diqqətə görə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə minnətdarlığını bildirib.

O, birgə tərəfdaşlığın Azərbaycanda  kiçik və orta sahibkarlığın daha da inkişafına imkan yaradacağına ümid bəslədiyini bildirib və Caspian European Club-un da öz növbəsində Agentliklə səmərəli əməkdaşlıq üçün səylərini əsirgəməyəciyini deyib.

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat iki il ərzində  Caspian European Club-un İdarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik olaraq Caspian American Club və Caspian Asian Club-un üzvü, Caspian American Club və Caspian Asian Club-a daxil olan isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Bütün xəbərlər