Qarın nahiyyəsində piylənmənin fəsadları

17:06 - 11.06.2018


11 iyun, Fineko/abc.az. Piylənmə, artıq çəki və onun təhlükəli fəsadları haqqında xəbərdarıq. Lakin, piylənmədən daha vacib bu piyin əsasən harda toplanmasıdır. Bəzən adi gözlə normal çəkili hesab olunan şəxslərdə belə visseral piylənmə və buna bağlı ağır fəsadlar müşahidə oluna bilər.

Orqanizmdə piy 2 formada toplanır:

- adi gözlə gördüyümüz dərialtı piy

- qarın boşluğunda əzələnin alt qatında toplanan və daxili orqanları üstdən əhatə edən visseral piy

Normada visseral piyin ortalama çəkisi 3 kq -dır və daxili orqanları “isitmək” funksiyasını daşıyır. Patoloji hallarda visseral piy toxuması 20 kq və daha artıq ola bilər. Mütəxəssislərin çoxillik araşdırmalarının nəticəsinə görə, visseral piylənmə ikinci tip diabetin yaranma riskini 50% yüksəldir. Hətta qadınlarda süd vəzi xərçəngi riskinin də 15% artmasının visseral piylənmə ilə əlaqədar olması ehtimal olunur.

Visseral piyin artması stress hormonu “kortizol”un artmasına səbəb olur. Belə şəxslərdə daimi yorğunluq, əzginlik müşahidə olunur, immunitet zəifləyir, tez-tez xəstələnir, yaddaş və diqqət pozğunluğu, yuxusuzluq və ya daimi yuxululuq müşahidə olunur. Visseral piy kişilərdə testosteronun səviyyəsinin azalmasına və sonsuzluğa səbəb olur.

Visseral piylənmənin səbəb olduğu əsas xəstəliklər aşağıdakılardır:

- İkinci tip diabet

- Arterial hipertoniya

- Altsheymer xəstəliyi

- İnsult, infarkt

- Metabolik sindrom

- Qadınlarda süd vəzi xərçəngi

- Yuxuda qəfləti ölüm

Visseral piylənmə diaqnozu necə qoyulur?

Visseral piylənmə yalnız artıq çəkili şəxslərdə olmur. Qeyd etdiyimiz kimi , normal çəki indeksi olan şəxslərdə belə visseral piylənmə ola bilər. Qadınlarda bel dairəsinin 88 sm dən, kişilərdə isə 102 sm dən çox olması visseral piylənmənin göstəricisidir.

Səbəbləri hansılardır?

- Fast food qidalar

- Az hərəkətli həyat tərzi

- Meyvə və tərəvəz qəbulunun az olması

- Hormonal problemlər

- İrsiyyət

- Qidalanma pozğunluğu, normadan çox yemək.

Bütün xəbərlər