"X-ray aparatlarının təsvirlərinin oxunması" mövzusunda seminar keçirilir

23:06 - 11.06.2018


11 iyun, Fineko/abc.az. İyunun 11-dəÜmumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "X-ray aparatlarının təsvirlərinin oxunması" mövzusunda milli seminar başlayıb.

Seminarda Dövlət Gömrük Komitəsinin bütün gömrük-keçid məntəqələrinin mütəxəssisləri iştirak edir.

Seminarın açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leyteantı Əsgər Abdullayev bildirib ki, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev bütün dövlət təsisatları kimi, gömrük xidmətinin də formalaşması istiqamətində mühüm addımlar atıb və Azərbaycan gömrüyünü ölkənin müstəqilliyinin əsas atributlarından birinə çevirib.

Bu gün Prezident İlham Əliyevin reallaşdırdığı mütərəqqi islahatların Azərbaycan gömrüyünün daha dinamik şəkildə inkişaf etməsinə şərait yaratdığını qeyd edən Komitə sədrinin müavini, gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə müasir texnologiyalardan və tətbiqlərdən geniş şəkildə istifadə olunduğunu diqqətə çatdırıb.

Artıq Azərbaycanın 9 gömrük-keçid məntəqəsində avtomobillərin, 2 dəmiryol-keçid məntəqəsində isə qatarların gömrük nəzarətinin dünyada ən müasir avadanlıq hesab edilən "Smith Detection" vasitəsilə həyata keçirildiyini bildirən Əsgər Abdullayev, seminarın bu avadanlıqlardan daha səmərəli şəkildə istifadə olunacağına şərait yaradacağını deyib.

Rusiya Gömrük Akademiyasının Sankt-Peterburq filialının kafedra müdiri Pyotr Afonin skanlaşdırma avadanlıqlarının ticarətin sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi, risklərin azaldılması istiqamətindəki əhəmiyyətindən danışıb və seminarın bu sahədə Azərbaycan gömrükçülərinə yeni bilik və bacarıqlar qazandıracağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, 4 gün davam edəcək seminarda Rusiya Gömrük Akademiyasının Sankt-Peterburq filialının kafedra müdirləri Pyotr Afonin və Valeriy Zubov yoxlama-baxış sistemlərinin tarixi, təsnifatı, bu sistemlərin mallar və nəqliyyat vasitələrinin gömrük nəzarətində tətbiqi, yoxlama-baxış sistemləri vasitəsilə əldə edilən rentgen təsvirlərinin əyani analizi və digər mövzularda iştirakçılara məlumat verəcəklər.

Bütün xəbərlər