20:58 - 13.06.2018
13 iyun, Fineko/abc.az. Dövlət Miqrasiya Xidmətində xalqımızın Ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasının təcəssümü olan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Xidmətin Heydər Əliyev Muzeyi ziyarət olunub, ulu öndərin büstü önünə əklil qoyulub və əziz xatirəsi dərin ehtiramla yad edilib.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, xalqımızın müstəqillik arzusunun reallığa çevrilməsində və ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf strategiyasının müəllifi kimi müstəsna rolundan bəhs edib.
Bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan tarixinə qızıl həriflərlə əbədi həkk olunub. Ulu öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmaqdan və məhv olmaq təhlükəsindən xilas edib.
V. Hüseynov vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra nail olduğu bütün uğurlar dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb. Ümummilli liderimizin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu öndərin əmanət qoyub getdiyi milli tərəqqi ideyalarının təntənəsidir.
Xidmətin akt zalında davam etdirilən tədbirdə Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev məruzə ilə çıxış edib. Bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına və dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olub. Bu isə, öz növbəsində, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaradıb.
Tədbir Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Qurtuluş” filminin nümayişi ilə başa çatıb.
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
9 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
9 Oktyabr 2024