Yardıma ehtiyacı olan 2 mindən çox qadın “Qadın Qaynar Xətti”nə müraciət edib

10:25 - 26.01.2023


26 yanvar, Fineko/abc.az. Ötən ilin iyununda “Azercell”in təşəbbüsü ilə fəaliyyətə başlayan “Qadın Qaynar Xətti” çətin həyat şəraitində olan və ya şiddətlə üzləşən qız və qadınlara günün istənilən vaxtında dəstək verir. Qaynar xəttin yarımillik hesabatına əsasən mərkəzə edilən müraciətlərin 50 faizdən çoxu ailədaxili problemlər, psixoloji və fiziki zorakılıqla bağlı olub. Digər zənglər hüquqi yardım, alimentlərin alınması, boşanma, sosial-maddi rifah, səhiyyə hüququ kimi məsələlər və sığınacaqla təmin edilmə ilə əlaqədar olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılan mərkəz “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən idarə olunur. İctimai Birliyin xüsusi ixtisaslaşmış psixoloqları, sosial işçiləri və hüquqşünasları zəng edən xanımlara ilkin dəstək göstərir, zəruri hallarda müraciət müvafiq dövlət qurumlarına, icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara və yerli QHT-lərə yönləndirilir. Statistikaya əsasən, qaynar xəttə müraciət edən qadınların əksəriyyətinə psixoloji dəstək göstərilib, 23 faizi hüquqi yardım ilə təmin edilib, 19 faizi müvafiq qurumlara yönləndirilib və 6 faizi sığınacaqla təmin olunub.

Qaynar xətt ilə əlaqə saxlayan qadınlara aid məlumatların məxfi saxlanılmasına xüsusi diqqət ayrılır və hər hansı məlumat müvafiq təşkilat və ya qurumlara yalnız onların öz razılığı əsasında ötürülür. “Qadın Qaynar Xətti” dəstəyə ehtiyacı olan bütün qız və qadınları 116111 qısa nömrəsi vasitəsilə mərkəz ilə əlaqə saxlamağa çağırır.

Bütün xəbərlər